“Ermənistan Konstitusiyasına dəyişiklik qaçılmazdır” – Səbəb isə.. + AÇIQLAMA

Ermənistanda Konstitusiya dəyişikliyi məsələsi hələ də gündəmdən düşməyib. Bu istiqamətdə uzun müddətdir ki, müzakirələr davam edir.
Nikol Paşinyan gözlənilən addımı nə vaxt atacaq? Ermənistanın bu dəyişikliyə getmə səbəbləri nələrdir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistan Konstitusiyasına dəyişiklik həm də Bakı və Ankaranın tələbidir:
“Çünki ərazi iddiaları tamamilə aradan qalxmadıqca ehtimal olunan və gözlənilən sülh sazişinin dayanıqlılığı sual altına düşür. Ermənistan ictimaiyyəti bu məsələni narazılıqla qarşılayır. Digər tərəfdən, ötən günlərdə “Hraparak” nəşrinin “Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiyaya dəyişiklik etməklə həm də Rusiya hərbçilərini ölkə ərazisindən çıxarmaq istəyir”, iddiası da diqqət çəkir. Nəşrin yazdıqları həm də ictimai rəyə təsir üçündür. Ola bilsin, mətbuat məhz hakimiyyətin tələbi ilə bu cür məlumatları tirajlayır və daxili auditoriyaya göstərir ki, qorxmağa dəyməz. Amma iddianın həqiqətə uyğun olması da mümkündür”.
Ekspert bildirib ki, Ermənistan getdikcə Rusiyadan canını qurtarmağa çalışır:
“Əslində rus qoşunlarının Ermənistan ərazisindən çıxması Azərbaycanın da maraqlarına uyğundur. Çünki bu halda Moskvanın Cənubi Qafqazdakı təsiri istər-istəməz azalacaq. Bütün hallarda Ermənistan Konstitusiyasına dəyişiklik qaçılmazdır. Əgər KİV-in iddia etdiyi kimi olarsa, onda Rusiya ilə Ermənistan arasında mövcud gərginliyin növbəti, daha kəskin mərhələsi başlayacaq”.
Günay