Rusiya NATO-nun cəzalanmasını İSTƏYİR - İclas TƏLƏB ETDİ

Rusiya NATO-nun 1999-cu ildə Yuqoslaviyaya təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş edib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
O bildirib ki, rus diplomatları hələ də Şuranın sədri Yaponiyadan cavab gözləyirlər.
Polyanski daha əvvəl bildirmişdi ki, Qərb nümayəndə heyətləri BMT Təhlükəsizlik Şurasının Yuqoslaviyadakı bombardmanlarla bağlı iclasını pozublar. Üç ölkə (Əlcəzair, Rusiya və Çin) gündəliyin təsdiqinə səs verib, 12 ölkə isə bitərəf qalıb. Heç bir nümayəndə heyəti bunun əleyhinə səs verməsə də, lehinə lazım olan doqquz səs olmadığı üçün gündəm təsdiq olunmayıb.
Qeyd edək ki, 1999-cu il martın 24-də NATO Yuqoslaviya Federativ Respublikasına qarşı hərbi əməliyyata başlayıb. Alyans hərbi əməliyyatın əsas məqsədini Kosovoda alban əhaliyə qarşı soyqırımının qarşısının alınması kimi göstərib. NATO-nun məlumatlarına görə, 78 günlük əməliyyat zamanı alyansın təyyarələri 38 min döyüş uçuşu həyata keçirib.
Hərbi ekspertlərin fikrincə, 3000 idarə olunan raket buraxılıb, kasset bombaları və tükənmiş uran da daxil olmaqla təxminən 80 min ton bomba atılıb. Məlumata görə, bombardmanlar nəticəsində 3500-dən 4000-ə qədər insan həlak olub, 12500-ə yaxın insan yaralanıb. Onların üçdə ikisi mülki şəxslərdir. Serbiya hökumətinin məlumatına görə, NATO bombardmanları zamanı 87 uşaq həlak olub.
Firuzə Əliyeva