"Türk xalqlarına aiddir, qeyd olunması bu şahın adı ilə bağlıdır..." - Novruz bayramı ilə bağlı BİLMƏDİKLƏRİNİZ

Novruz bayramının islam dini ilə heç bir əlaqəsi yoxdur. Novruzun Şumerlər dövründə qeyd edildiyi öz təsdiqini tapıb. Novruz bayramının geniş yayılma səbəbi türklər olub.


Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Cəbhə Partiyasının üzvü Vüqar Dadaşov bildirib.


 "Tarixçi Əbu Rehan Məhəmmədin "Ötən qərinələrdən qalan ölümsüz əsərlər" kitabında yazdığına əsasən, əfsanəvi Cəmşid şahın Azərbaycana Atəşgah ziyarəti  indiki mart ayına təsadüf edib. Bu zaman yerli türk tayfaları Cəmşid şahı təmtəraqla qarşılayıb və ona "Günəş" adı veriblər.Cəmşid şah məhz bu günü bayram elan edib və bununla da Novruz geniş yayılmağa başlayıb. Ömər Xəyyam "Novruznamə" əsərində Novruzun Cəmşid şahla və Azərbaycanla bağlılığın göstərir.İslamdan əvvəl hələ Zərdüştlər Novruz bayramını "Mihran" adı altında qeyd ediblər və bu bayramın 5000 ildən yuxarı tarixə malik olması da tarixi mənbələrə əsaslanır".


Vüqar Dadaşov qeyd edib ki, elmi araşdırmalara görə,  Azərbaycanın yerləşdiyi ərazinin təbiəti məhz mart ayının 21-dən oyanır:


"Novruz bayramındakı təbiət hadisələri məhz Azərbaycan təbiəti ilə paralellik təşkil edir və dünyanın heç bir ərazisində təbiətin oyanması məhz Azərbaycandakı kimi dəqiqliklə üst-üstə düşmür. Bununla da bir daha sübut olunur ki, bu bayram türk xalqlarına mənsubdur". 


Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Azərbaycan Respublikasının təqdimatı əsasında Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR