Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu

Vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunda əvəzolunmaz rola malikdir. Demokratik və müstəqil inkşaf edən ölkələrdə vətəndaş cəmiyyəti əsas etibarilə vətəndaş - şəxsiyyət amilinə əsaslanır. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır.
Sfera.az bildirir ki, burada qanunlara, əxlaq və humanizim prinsiplərinə hörmət edilir, avtoritar hakimiyyətə, totalitarizmə, sinfi düşmənçiliyə, insanlara qarşı zorakılığa isə yer yoxdur. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv, ya da passiv müxalifətdə olur. Vətəndaş cəmiyyəti dövlətlə sıx qarşılıqlı əlaqədə olur, hətta bütün sahələrdə onun dəstəyinə arxalanır.
Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu, onun dövlətə ehtiyacı olmadığı mənasını vermir. Sadəcə dövlət iştirakının qaçılmaz olduğu istiqamətə yönəlməlidir. Xüsusən müdafiə, qanunvericilik, xarici siyasət, büdcə, ekologiya, nəqliyyat və vətəndaşların hüquqlarının müdafiəsi sahələrini buraya aid edə bilərik. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısaca, cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını təşkil edən əsas elementlər qismində ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri, əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları çıxış edir. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması, sosial problemlərin həlli, cəmiyyətin maraqlarını qoruyan və müdafiə edən konstitusiya, müstəqil media, ədalətə söykənən məhkəmə-hüquq sisteminin formalaşması vətəndaş cəmiyyətinin inkişafının təməl prinsipləri hesab olunur. Vətəndaş cəmiyyətinin mənəvi sferasına daxil olan elementlər öz mövqeyini açıq ifadə etmək imkanı, söz və fikir azadlığı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyidir.
İnkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Nəticədə, bu cəmiyyətin mahiyyəti hakim elitanın, hakimiyyətin ifadəçisi olmaq deyil, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini ifadə etməkdir.
Bütün sadalananların fonunda əminliklə deyə bilərik ki, müasir Azərbaycan Respublikası vətəndaş təşəbbüslərinin dəstəkləndiyi, siyasi plüralizmin əsas götürüldüyü demokratik cəmiyyətin formalaşdığı ölkələr sırasında ilk yerlərdə qərarlaşıb. Təbii ki, bununla ölkədə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesinin tamamlandığını demək olmaz. Azərbaycanın 33 illik dövlət müstəqilliyinin inkişafına baxsaq, prosesin davamlılığını görə bilərik. Bu proses daim təkmilləşir.Bu modelin yaradılmasında isə mərhum prezident Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Məhz özünün unikal siyasi savadı və fenomenal strategiyası ilə Azərbaycanda hüquqi dövlət quruculuğunun sarsılmaz təməlini qoydu.
“Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir...”,- Heydər Əliyev deyirdi.
Azərbaycan dövləti özünün inkişaf strategiyasında hər zaman bu istiqamətə xüsusi önəm verib, hüquqi dövlət quruculuğuna həssaslıqla yanaşıb. Ardıcıl şəkildə həyata keçirilən islahatlar isə başlıca olaraq bir məqsədə - vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəlib.Bu fikrin davamı olaraq demək olar ki, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı proseslər ölkəmizdə də, bütün dünyada olduğu kimi, eyni məcrada gedir. Azərbaycanda ildən-ilə vətəndaşların sosial fəallığının artması özünü muxtəlif cəmiyyətlərin, birliklərin, sosial hərəkatların yaranması və fəaliyyətini genişləndirməsində göstərir. Bu isə son illər Azərbaycanın beynəlxalq siyasi arenada artan nüfuzu, genişlənən əlaqələri, ölkəmizin regional əhəmiyyətinin yüksəlməsi ilə izah olunmalıdır. Bütün bunların isə eyni məqsədə - ümumxalq mənafeyinin qorunmasına xidmət etdiyi şəksizdir.
2006-cı ildə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib.5 il sonra, 2011-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalanıb. Sərəncamda açıq şəkildə vurğulanırdı ki, insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılması istiqamətində ciddi işlər görülür. Bu, həm də dövlətin bu istiqamətdə üzərinə düşəni etdiyinin göstəricisi idi.
Firuzə Əliyeva
Mövzu: Hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin rolu
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.