Türkmənistan TDT-yə qayıdır: Moskva və Pekinin narahatlığına səbəb nədir? - ŞƏRH

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ölkəsinin Türk Dövlətləri Təşkilatının tamhüquqlü üzvlüyünə qərar verib. O, bu qərarını Antalya Diplomatiya Forumunda elan edib.
Bəs bu qərar nələri dəyişəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Aşqabadın qərarı təmamilə doğrudur:
“Türkmənistan buna qədər təşkilatın toplantılarına müşahidəçi kimi qatılırdı. Aşqabad türk inteqrasiyasından kənarda qalmamağa üstünlük verib”.
Ekspertin sözlərinə görə, Aşqabad Avropa ölkələri ilə də əməkdaşlığı gücləndirmək istəyir:
“Türkmənistan və ATƏT il ərzində 37 birgə layihənin reallaşmasına qərar veriblər. May ayında Aşqabadda ATƏT Parlament Assambleyasının regional toplantısı keçiriləcək. ATƏT Aşqabadda ofisini 2023-cü ildə açıb. Bu ildən başlayaraq Türkmənistanla ATƏT arasında təmaslar genişlənib. Türkmənistanla əməkdaşlığa Avropa İttifaqı da maraq göstərir. Brüssel Mərkəzi Asiyanın enerji resurslarının Rusiyadan yan keçməklə Avropaya nəqlinə çalışır. Bu səbəbdən Brüsselin Orta dəhliz layihəsinə marağı artıb. Bu layihənin reallaşmasında Azərbaycan da iştirak edir”.
Politoloq Türkmənistanın Avropa ilə yaxınlaşmasından Moskva və Pekinin narahat olduğunu vurğulayıb:
“Aşqabad Rusiya və Çindən asılılığını azaltmaq istəyir. Türkmənistanın rəsmi mətbuatında Çin artıq “strateji tərəfdaş” kimi tədim edilmir. Bunun əvəzinə, Aşqabadın ABŞ, Avropa, Yaponiya və Cənubi Koreya ilə əməkdaşlığına dair məqalələr yayımlanır. Beləliklə, Aşqabad Çinə alternativ formalaşdırır. Halbuki, Çin son illərdə Mərkəzi Asiyada, o cümlədən Türkmənistanda möhkəmlənməyə çalışır. Mərkəzi Asiya ölkələri bunun təhlükəli olduğunu anlayıblar.
Aşqabad Türkmənistan-Çin qaz boru xəttinin genişləndirilməsi layihəsinin reallaşdırılmasını yubadır. Aşqabad Türkmənistan qazını fərqli bazarlara yönətlməyə və Çin bazarından asılılığını azaltmağa çalışır. Qurbanqulu Berdiməhəmmədovun Aşqabada gələn Çin nümayəndə heyətini qəbul etmək istəməməsi də diqqəti çəkib”.
Siyasi şərhçi qeyd edib ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına qaydışı Azərbaycanla əməkdaşlığa da öz töfhəsini verəcək:
“Türkmənistan üçün alternativ istiqamətlərdən biri də türk dövlətləri ilə inteqrasiyanı gücləndirməkdir. Türkmənistanın Türk Dövlətləri Təşkilatına qaydışı bu ölkənin Azərbaycanla da əməkdaşlığının gücləndirilməsinə səbəb olacaq. İki ölkə arasında birgə iqtisadi və enerji layihələrin reallaşdırılması türk dövlətləri arasında inteqrasiyanı gücləndirəcək. Türkmənistan Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanı əldə edəcək. Türkiyə də bunu istəyir. Türkmənistan qazının Türkiyəyə nəqli ya İran, ya da Azərbaycan üstündən mümkündür. İkincinin reallaşması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Ankara 2 milyard kubmetr türkmən qazının idxalını təşkil etməyə hazırdır”.
Firuzə Əliyeva