"Müharibənin taleyi indi yalnız..." - Politoloq Ukraynanın parçalanma təhlükəsindən DANIŞDI

“Ukraynada istənilən atəşkəs Rusiyanın xeyrinə olacaq. Bu, Rusiya ordusunun gələcək hücum əməliyyatları üçün yenidən qruplaşmasına, komandanlıq və nəzarət sistemini optimallaşdırmağa imkan yaradacaq”.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ukraynadakı müharibə faktiki olaraq dalana dirənib və Rusiya cəbhədə kiçik ərazi uğurları əldə edir:
“Moskva və Kiyev hələ ki, konsensus əldə edə bilmir, tərəflər bir-birilərinin şərtlərini qəbul etmək istəmir. Hətta Rusiya və Ukrayna qarşı tərəfin hazırkı hakimiyyəti ilə danışıqların olmayacağını iddia edir. Bu isə yaxın vaxtda “suların durulması” ehtimalını istisna edir. Maraqlıdır ki, savaşın ilk günündən bəri sülhün əldə olunmasına çalışan Ankaradan da artıq bədbin açıqlamalar gəlir. Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günlərdə deyib ki, Rusiya və Ukrayna hazırda bir masa arxasında oturmaq nöqtəsində deyillər”.
Müsahibimiz bildirib ki, müharibənin taleyi indi yalnız Kiyev və Moskvanın iradəsindən asılı deyil:
“Qərbin proseslərdəki rolu döyüşlərin inkişafı və nəticəsi baxımından mühüm rol oynayır. Bu isə o deməkdir ki, Ankara müharibəni bitirmək istəyirsə, təkcə Kiyev və Moskva ilə yox, həm də Vaşinqton və Avropa İttifaqı ilə işləməlidir. İki ölkə arasında danışıqlar ehtimalı yaxın vaxt üçün real görünmür. Mövzu müzakirə predmetinə çevrilərsə, Rusiya tutduğu ərazilərdə qalmağa israr edəcək. Bu isə "saatlı bomba" deməkdir. Vaxtı çatanda mütləq "partlayacaq". İndi elə vəziyyət yaranıb ki, effektiv danışıqlar, demək olar ki, mümkünsüzdür. Müharibənin bitməsi üçün daha fundamental ssenarilərə ehtiyac var. Bu ölkələrin ən azı birində hakimiyyət dəyişikliyi, Ukraynanın Aİ ilə Rusiya arasında parçalanması ola bilər”.
Günay