Moskva-İrəvan gərginliyi pik həddə: “Bu, açıq şəkildə Kremlə meydan oxumaqdır"

Son vaxtlar İrəvanla Moskva arasında münasibətlər pisləşən templə davam edir.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bunun əsas səbəbi Ermənistanın Rusiyaya qarşı aqressiv ritorikasıdır.
Müsahibimizin sözlərinə görə, Ermənistanın KTMT ilə bağlı səsləndirdiyi fikirlər, həmçinin qurum daxilindəki fəaliyyətini faktiki dayandırması ümumi prosesi bir az da kəskinləşdirir. K.Novruzov qeyd edib ki, Ermənistanın KTMT-dən çıxması ilə Rusiya nə isə itirməyəcək:
“Amma bu, açıq şəkildə Kremlə meydan oxumaq cəhdidir. Bunun Moskvanın ciddi reaksiyası ilə nəticələnəcəyi mümkündür. Sözsüz ki, Rusiya ilə belə zarafat Ermənistanın gücünə, mövqeyinə uyğun deyil. Böyük ehtimalla İrəvan bu barədə direktivləri Qərbdən, o cümlədən Fransadan alır. 2008-ci ildə olanları yada salaq: Qərbin də təhriki ilə Gürcüstanla Rusiya arasında müharibə başlandı. Nəticədə Rusiya Cənubi Abxaziya və Osetiyanı işğal etdi. İndi isə nə Gürcüstanın, nə də ölkənin o zamankı prezidenti Mixail Saakaşvilinin taleyi Qərbi maraqlandırmır. ABŞ və müttəfiqlərinin Şərqi Avropada etdikləri də bu qəbildəndir: Ukrayna vasitəsilə Rusiyaya müharibə elan etdi, sonra da geri çəkildi. Məqsəd aydındır- Rusiyanın ayrı- ayrı regionlara təsir gücünü azaltmaq. Rəsmi Moskva ilə birbaşa qarşılaşmaq istəməyən Qərb bunun üçün proksilərdən istifadə edir”.
K.Novruzov deyib ki, Qərb Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır, Kreml isə bunu başa düşdüyünə görə mümkün qədər soyuqqanlı davranır:
“Ermənistanın qıcıqlandırıcı ritorikası Rusiyanın bu dövlətə müdaxiləsi ilə nəticələnə bilər. Bu zaman Avropa da hərəkətə keçəcək. Bu, indiki halda Moskvaya sərf etmir. Çünki gücü parçalanacaq, bir neçə cəbhədə mübarizə aparmalı olacaq. Amma nəzərə almaq lazımdır ki, ehtimal olunan bu ssenari nəticəsində ən çox ziyan çəkən Ermənistan olacaq. Ölkə ərazisi faktiki olaraq poliqona çevriləcək. Ermənistanın gücü Ukraynadan dəfələlərlə azdır. Ona görə bu, versiyanın reallaşması Ermənistana baha başa gələcək”.
Siyasi şərhçinin fikrincə, Paşinyanın Qərbdən ciddi təhlükəsizlik təminatları, vədlər aldığını ehtimal etmək olar:
“Onu da nəzərə almaq lazımdır ki, Rusiyanın adekvat reaksiyasının yeganə təzahürü Ermənistan ərazisinə hərbi müdaxilə deyil. Ermənistan ərazisindəki 102-ci hərbi baza özü Paşinyan hakimiyyəti üçün “Domokl qılıncı”dır. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq, hətta onu fiziki şəkildə aradan qaldırmaq Moskva üçün o qədər də çətin deyil. Ehtimal etmək olar ki, Ermənistan qıcıqlandırıcı ritorikasını bundan sonra da davam etdirəcək və hətta “doza”nı artıracaq. Moskvanın isə sonsuza qədər səbrli olacağı inandırıcı deyil. Beləliklə, Paşinyan faktiki olaraq “rus ruleti oynayır”. Onun nəinki hakimiyyəti, həm də şəxsi təhlükəsizliyi təhdid altındadır”.
Günay