Polis hansı hallarda vətəndaşı bölməyə apara bilməz? - AÇIQLAMA

Polis hansı hallarda vətəndaşı bölməyə apara bilməz? - AÇIQLAMA

Bəzi insanlar bir çox hallarda öz hüquqlarından xəbərsiz olurlar və hüquq mühafizə orqanlarına çağırıldıqda təşvişə düşür, nə edəcəklərini bilmirlər.

 

Bəs hüquq-mühafizə orqanlarına dəvət edilən vətəndaşların hansı hüquqları var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, hər hansı bir şəxs hüquq-mühafizə orqanlarına telefon vasitəsilə və ya şifahi formada dəvət edilə bilməz.

 

“Bunun üçün vətəndaşın ünvanına rəsmi məktub daxil olmalıdır. Rəsmi bildiriş olmazsa, vətəndaşın polis bölməsinə getməmək ixtiyarı var. Hər bir vətəndaşın hüquq-mühafizə orqanlarına çağırılma səbəbini bilmək hüququ var. Bu hüquq qanunvericilikdə nəzərdə tutulub. Burada iki əsas nüansa diqqət etmək lazımdır. Vətəndaş polis bölməsinə könüllü olaraq, yoxsa polis əməkdaşları tərəfindən tutularaq gedib. Vətəndaş cinayət başında yaxalanarsa və yaxud müəyyən inzibati qaydaları pozarsa polis tərəfindən tutularaq bölməyə aparıla bilər. Şəxs xırda xuliqanlıq etdikdə, avaraçılıqla məşğul olduqda, sərbəst toplaşmaq haqqında qanunvericiliyin tələblərini pozduqda və digər hallarda vətəndaşı inzibati qaydada öz iradəsi əleyhinə polis bölməsinə apara bilərlər. Vətəndaş inzibati xəta pozuntusu törədərsə, onun barəsində inzibati xəta haqqında protokol və daha sonra qərar qəbul oluna bilər. Həmin qərarın əsaslı olmasını həmin protokolu tərtib edən şəxs sübuta yetirməlidir. Polis əməkdaşı tutulan şəxsin foto və video çəkilişini edə bilər. Lakin həmin çəkilişin kütləvi informasiya vasitəsində dərc olunması yanlız həmin şəxsin razılığı ilə ola bilər. Təqsirləndirilən və şübhəli şəxsin ümumiyyətlə susmaq hüququ var. Bu şəxsin özünə qarşı və yaxınlarının əleyhinə ifadə verməmək hüququ mövcuddur. Amma şəxs hər hansısa bir hadisə ilə bağlı izahat verməyə çağırılarsa və hadisə barəsində məlumatı varsa bu barədə məlumat verməlidir. Həmin hadisə barədə yalan ifadə verməyə və ifadə verməkdən imtina etməyə görə həmin şəxslər məsuliyyət daşıyırlar".

 

Vəkil qeyd edib ki, şəxs barəsində inzibati və cinayət qaydasında icraat aparılarsa onun müdafiəçi ilə təmin olunmaq hüququ var.

 

“Onun barəsində iş aparan hüquq mühafizə orqanı, şəxsin istəyindən aslı olaraq bu hüququnu təmin etməlidir. Bəzi kateqoriyada olan şəxslər var ki, onlar müdafiəçi ilə məcburi qaydada təmin olunurlar. Yetkinlik yaşına çatmayan, fiziki qüsurlu şəxslər bu kateqoriyaya daxildir. Onlar müdafiəçi ilə özlərinin istəyindən asılı olmayaraq təmin olunurlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR