İşçini hansı hallarda işdən çıxarmaq olar? - "Yalnız..." + AÇIQLAMA

Bəzi hallarda işəgötürənlər işçini səbəbsiz yerə və yaxud hər hansı mübahisəyə görə işdən çıxarırlar.
Bəs rəhbər şəxslər işçini istədiyi zaman işdən çıxara bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, işəgötürən şəxs işçini istədiyi zaman işdən çıxara bilməz.
“Yalnız Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd olunan hallarda işçi işdən çıxarıla bilər. Əgər müəssisə, işçilərin sayı və ştatları ləğv edilərsə və yaxud işçinin peşəkarlıq səviyyəsi, ixtisas göstəriciləri yetərli olmadığına dair səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərsə, işçi işdən çıxarıla bilər. Bundan əlavə, işçi özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya 72-ci maddədə qeyd olunan əmək vəzifələrini kobud şəkildə pozduqda və sınaq müddəti ərzində özünü doğrultmadıqda işdən azad edilə bilər”.
Hüquqşünas qeyd edib ki, bunların heç biri baş vermədikdə iççini işdən çıxarmaq olmaz.
“İşçini qanunsuz halda işdən çıxardıqda, işçi əmr imzalandıqdan 30 gün ərzində həmin əmrin ləğvi tələbi ilə məhkəməyə müraciət edə bilər. İşdənçıxarma barədə əmrdə işçinin pozuntulara yol verdiyini və bunun nəticəsində müəssisənin və ya əmək kollektivinin qanuni mənafeyinə ziyan dəydiyini işəgötürən əsaslandırmalıdır. Bunları əsaslandırmayıbsa, məhkəmədə uduzacaq. Nəticədə işçi işinə bərpa olunmalı və buraxdığı bütün iş günlərinin əməkhaqqını almalıdır”.
Ülkər Abdurahmanlı