"Türk Dövlətlər Təşkilatının inkişafında Azərbaycanın böyük rolu var"

Türk dövlətlərlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritet təşkil edir.

 

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində açıq şəkildə bəyan etdi ki, “bizim əsas məqsədimiz Türk Dövlətlər Təşkilatını inkişaf etdirməklə, güclü beynəlxalq təşkilata çevirməkdir”.

 

Türk ölkələrini tarix, milli tərkib, dil, mədəniyyət və din kimi ortaq dəyərlər bağlayır. Ona görə Prezident andiçmə zamanı da qeyd etdi ki, “bizim ailəmiz Türk dövlətləridir, bizi başqa heç yerdə gözləmirlər”.

 

Bütün bunlar Türk dövlətlərində böyük rezonanas, siyasi müzakirələr yaratdı və təşkilatın gələcəyinə olan inamı daha artırır.  

 

Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə bildirib ki,ümumiyyətlə Türk Dövlətlər Təşkilatının yaradılmasında (əvvəlki adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) Azərbaycanın müstəsna rolu var. Təşkilat 03 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edildi. “Təşkilat” statusu türk dövlətlərinə imkan verir ki, bütün sahələrdə əlaqələri daha yüksək səviyyəyə qaldırsınlar. Tarixi İstanbul Zirvə görüşündə “Türk dünyasına baxış - 2040” konsepsiyasının qəbul edilməsi təşkilatın gələcək hədəflərini və planlarını da müəyyən etdi. Eyni zamanda bildirim ki, VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.

 

Təşkilatın formalaşmasında və inkişafında Azərbaycan – Türkiyə münasibətlərinin də böyük önəmi var. Bu münasibətlərlə təşkilat bir növ özünü sınaqdan keçirmiş oldu. Azərbaycan 2020-ci ildə bütün Türk dünyasının problemi olan işğal məsələsini şərəflə həll etdi. Bilirsiz ki, 30 ilə yaxındır bizim qardaş Türkiyə ilə münasibətlərimiz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu “bir millət iki dövlət” konsepsiyasına əsaslanaraq qurulub. Bu istiqamətdə iqtisadi, siyasi, mədəni çox işlər görülüb. Azərbaycan Prezidenti və digər məmurlar eyni zamanda Türkiyə Prezidenti və  məmurları müxtəlif tədbirlərdə, platformalarda bir-birini müdafiə edir, haqq səslərini dünyaya çatdırırdılar. 

 

Dövlətlər beynəlxalq münasibətlərində hər zaman müxtəlif siyasi, iqtisadi metodlardan istifadə edərlər, amma hərbi güc çox az hallarda istifadə olunar, yalnız arxa planda saxlanılar. 2020-ci ildə biz hərbi gücümüzü də göstərməyə məcbur olduq və 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan-Türkiyə hərbi birliyinin şahidi oldu. Qələbədən sonra imzalanmış Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini həyatın bütün sahəsində o cümlədən kənd təsərrüfatında, elmdə, mədəniyyətdə, mediada, texnologiyada, birgə beynəlxalq münasibətlərdə, iqtisadiyatda ən əsası birgə müdafiə və təhlükəsizlik sahəsində daha da birləşdirdi. 

 

Əlbəttə, bütün bunlar digər Türkdilli dövlətlərin bu təşkilata olan marağını və güvənini artırmışdır. Həmçinin, birmənalı olaraq demək olar ki, Azərbaycanın zəfəri Türk dünyasında birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynadı. 

 

Türk Dövlətlər Təşkilatının beynəlxalq təşkilat kimi fəaliyyət göstərməsi üçün bütün daxili qrumları formalaşdırılıb. Təşkilatın bu şəkildə formalaşması imkan verəcək ki, digər beynəlxalq təşkilatlara üzv olsun və ya müşahidəçi kimi iştirak etsin. Bu da üzv dövlətlərin mənafeyinin təşkilat adı ilə beynəlxalq münasibətlərdə qorunmasını təmin edəcək. 

 

Təşkilatda üzv və müşahidəçi olan dövlətlərin ümumi əhalisi 150 milyondan, ərazisi də 4,5 milyon kv km-dən çoxdur. Həmçinin, böyük enerji resurslarına və digər təbii sərvətlərə, o cümlədən geostareji mövqeyə malikdirlər. Bütün bunlar təşkilat üzvlərinin inkişafında müstəsna rol oynayacaq və təşkilat üzvlərinə ayrı-ayrılıqda ola biləcək təzyiqlərin qarşısını alacaq. 

 

Azərbaycan uzun müddət beynəlxalq ədalətsizliyə məruz qalıb. Ona görə də indi əsas məqsədlərindən biri beynəlxalq diskriminasiyaya, ikili standarta məruz qalan dövlətlərə və xalqlara dəstək verməkdi. Belə ölkələrdən biri də Şimali Kipr Türk Respublikasıdır. Həmin ölkənin beynəlxalq hüququn və münasibətlərin rəsmi subyektinə çevrilməsi, tanınması üçün böyük işlər görür. Əlbəttə, Qarabağ məsələsi müəyyən müddət bizə bu addımları atmağa imkan vermirdi. Lakin Qarabağ probleminin həllindən sonra Şimali Kipr Türk Respublikasının tanıdılması imkanları yarandı. Şimali Kipr Türk Respublikası şoğrafi mövqeyinə görə əhəmiyyətli regionda yerləşir və onunla əməkdaşlıq eyni zamanda dövlətimizin maraqlarına uyğundur.

 

Keçən ilin noyabr ayında Astanada “Türk Əsri” çağırışı adı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə 2024-cü ildə Türk Dövlətlər Təşkilatının Zirvə görüşünün Şuşa şəhərində keçirilməsi haqqında qərar qəbul olundu. Prezident seçildikdən sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə edən Prezident İlham Əliyev Ankarada Türkiyə Prezidenti ilə keçirdiyi mətbuat konfransında açıqladı ki, Şuşada keçiriləcək Zirvə topalntısına Şimali Kipr Türk Respublikasının Prezidentini də dəvət edib. Bu da Şimali Kipr Respublikasının təşkilata üzv ölkələr tərəfindən de-fakto tanınması, yaxın zamanlarda da de-yure tanınması ümidini verir.

 

Y. Hacızadə qeyd edib ki, təşkilata üzv ölkələrin vahid platformada birləşmək üçün qətiyyətli siyasi iradə nümayiş etdirməsi Türk dövlətlərinin birliyi ideyasının reallığa çevrilməsinə imkan verəcəkdi.

 

Yalçın Hacızadə

Ana Vətən Partiyası sədrinin müavini


OXŞAR XƏBƏRLƏR