Ailəsini qətlə yetirən Əhmədi hansı cəza GÖZLƏYİR? - "Təsdiqini tapmadığı halda, ömürlük..." + AÇIQLAMA

Ailəsini qətlə yetirən Əhmədi hansı cəza GÖZLƏYİR? -

Ötən gün Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla və qəsdən qətlə yetirməsi müzakirə obyekti olub. Sözügedən şəxsi gözləyən hüquqi tədbirlərlə bağlı fikirlər birmənalı deyil. Kimisi ona ömürlük cəza verilməli olduğunu bildirir ki, kimisi hətta daha irəli gedərək ölüm cəzasına məhkum edilməli olduğunu düşünür. Digər tərəfdən, 25 yaşlı gəncin mütəmadi olaraq Psixiatriya Xəstəxanasında yatdığı bildirilir.

 

Maraqlıdır, ailə üzvlərini amansızlıqla öldürən Əhməd Əhmədovu qanunvericiliklə hansı cəzalar gözləyir? Şəxsin psixi problemləri olduğu təsdiqlənərsə, bu, mümkün hüquqi tədbirlərə hansı formada təsir edəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə istinad edib.

 

O, qeyd edib ki, sözügedən maddəyə əsasən, şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olubsa, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyibsə və ya onu idarə edə bilməyibsə, cinayət məsuliyyətinə cəlb edilmir:

 

“Atasını, anasını, qardaşını, bacısını və onun azyaşlı övladını amansızlıqla və qəsdən qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun anlaqsız vəziyyətdə cinayət törətməsi qəti şəkildə mötəbər sübutlarla müəyyən olunarsa, o, cinayət məsuliyyətindən azad edilə və barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilər. Qanunun mənasından göründüyü kimi, anlaqsızlı iki meyarla xarakterizə olunur: Tibbi və hüquqi meyar. Tibbi meyar psixi xəstəliyin olması deməkdir. Məsələn, xroniki psixi xəstəliklər anlaqsızlıq üçün əsas təşkil edir. Şizofreniya, epilepsiya, proqressiv iflic, beyin siflisi və sair bunun kimi müalicəsi olmayan və ya çətin müalicə olunan xəstəliklər müəyyən olunduğu zaman şəxsin anlaqsız vəziyyətdə cinayət törətməsi güman edilir”.

 

Müsahibimiz qeyd edib ki, psixi fəaliyyətin müvəqqəti pozulmasına pataloji affekti və manikal depressiv psixozu misal çəkmək olar:

 

“Kəmağıllılıq (oliqofreniya) isə anadangəlmə və ya uşaqlıq dövründə yaranan əqli zəiflik vəziyyətidir ki, onun da 3 dərəcəsi var: idiotizm, inbesillik, debillik..Sair psixi xəstəliyə isə abstinensiya, qarabasma vəziyyətini nümunə gətirə bilərik. Anlaqsızlıq vəziyyəti istintaq və məhkəmə tərəfindən məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən müəyyən edilir. Hüquqi meyar isə cinayət törədən şəxsin əməlin kriminal xarakterini dərk etməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmamasıdır. Məhz hüquqi meyarın müəyyən edilməsindən sonra şəxsin anlaqsızlığı barədə qəti rəyə varmaq olar. Beləliklə, şəxsin anlaqsız hesab edilməsi üçün hər iki meyar- tibbi və hüquqi meyar eyni anda mövcud olmalıdır. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər”.

 

Vəkil bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır:

 

“Cinayət Məcəlləsinin 95-ci maddəsinə əsasən, anlaqsız şəxsə aşağıdakı tibbi xarakterli məcburi tədbirlər təyin edə bilər: Məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; Ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; İxtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; İxtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə.. Yayılan məlumatlara əsasən, həmin şəxs əvvəllər də cinayət törətməsinə baxmayaraq məsuliyyətdən azad edilib. Belə olan halda onun anlaqsız vəziyyətdə olması yenidən öz təsdiqini tapa bilər. Təsdiqini tapmadığı halda, Cinayət Məcəlləsinin 120-ci maddəsi tətbiq oluna bilər. Belə ki, həmin maddəyə əsasən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə görə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

T.Abdullazadə qeyd edib ki, bu məcəllənin maddələri ilə qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur.

 

Günay


OXŞAR XƏBƏRLƏR