Son illərdə Azərbaycanın neft istehsalında azalma nə qədər olub? – RƏQƏMLƏR

Azərbaycanda neft istehsalının həcmi 2010-ci ildə ən yüksək səviyyəyə çatdıqdan sonra hasilat davamlı azalır.
Sfera.az xatırladır ki, Azərbaycan tarixində bir ildə ən çox neft 2010-cu ildə çıxarılıb. Həmin ildə əmtəəlik, yəni satış üçün çıxarılan neftin miqdarı 50,7 milyon ton olub.
Sonrakı illərdə neft hasilatı müəyyən fasilələrlə azalmağa başlayıb və 2017-ci ildə 38,7 milyon tona, 2020-ci ildə 34,4 milyon tona, 2022-ci ildə 32,6 milyon tona düşüb.
2023-cü ilin məlumatlarına görə, ötən il neft hasilatı bir qədər də azalaraq 30,1 milyon ton təşkil edib.
Müqayisə göstərir ki, son 13 il ərzində neft istehsalı 20,1 milyon ton, yəni 40,6 faiz azalıb.
Neft hasilatının bu qədər azalması, əlbəttə ki, Azərbaycanın həm iqtisadi böyüməsinə, həm xarici valyutada olan gəlirlərinə, həm də dövlət büdcəsinin gəlirlərinə mənfi təsir göstərib.
Neft hasilatının artması hesabına 2000-ci illərin əvvəllərindən başlayaraq 2011-ci ilə qədər yüksək iqtisadi artım dinamikası müşahidə edilib. Bu dövrdə Azərbaycan iqtisadiyyatı 3,8 dəfə böyüyüb.
Hasilatın azalmasından sonra isə iqtisadi artımda ciddi yavaşlama qeydə alınıb. Belə ki, 2011-2023-cü illərdə neft hasilatının azalmasına görə, ümumi iqtisadi artım cəmi 7 faiz təşkil edib.
Neft hasilatının azalması iqtisadi artımla bərabər Azərbaycanın valyuta qaynağı olan Dövlət Neft Fondunun gəlirlərində də mənfi təsir edib. 2011-ci ildə Fondun gəlirləri 20 milyard dollar olduğu halda 2023-cü ildə 12,74 milyard dollara geriləyib.
Eyni vəziyyət dövlət büdcəsinin gəlirlərində də müşahidə olunub. Azərbaycan tarixində ən böyük büdcə 2013-cü ildə qeydə alınıb. Həmin ildə büdcənin gəlirlər hissəsi 25 milyard dollara çatıb. 2023-cü ildə isə büdcənin gəlirləri 21 milyard dollara geriləyib.
Qarşıdakı illərdə də neft hasilatının azalması gözlənilir. Bu dəyişikliyin Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyini növbəti illərdə daha aydın görəcəyik. Amma bilinən odur ki, neft gəlirlərinin azalması həm iqtisadi artımı, həm dövlət büdcəsinin gəlirlərinin artırılmasını, həm də xarici valyutada olan gəlirlərin artırılmasını çətinləşdirəcək.
Vasif