İntriqa yaradan SOVET ƏNƏNƏSİ: Fəxri adlar ləğv oluna bilər?

Son günlər fəxri adlarla bağlı məsələ gündəmdədir.
“Xalq artisti”, “Əməkdar artist” və ya bu qəbildən olan adların ləğv edilməsini təklif edənlər də kifayət qədərdir. Hətta bu günlərdə Ermənistanda mədəniyyət xadimlərinin fəxri adlarının ləğvi ilə bağlı qanunvericilik paketinin təsdiqlənməsi də nümunə kimi qeyd olunur.
Bunun sovet ənənəsi olduğu, artıq fəxri adlara ehtiyacın qalmadığı vurğulanır. Bu həm də sənətçilər arasında narazılıqlar yaradır.
Maraqlıdır, fəxri adlar ləğv oluna bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Fazil Mustafa deyib ki, sözügedən məsələ hələ də cəmiyyətdə əsas müzakirə obyektlərindən biridir:
“İctimai rəydə fəxri adların ləğvi ilə bağlı ortaq fikir yaransa, yaxşı olar. Cəmiyyətin tələbinin nə olduğu müəyyənləşər. Mən də Sovet mirasının elə də faydalı olduğunu düşünmürəm. Amma çoxu bunu öz həyat idealına çevirib. Fəxri ad almaq onlar üçün önəmli məsələdir. Bu baxımdan konkret nəsə demək çətin olur”.
Müsahibimiz qeyd edib ki, sənət adamlarının yaxşı yaşamasına, pul qazanmasına çalışmaq lazımdır: “Bu təminat mexanizmi doğru düşünülməlidir. Ad deyil, istedad üzərindən təminat məsələsi həllini tapmalıdır. Hesab edirəm ki, bir azdan ölkəmizdə də müasir dünyada olan standartlar daha çox ön plana çıxacaq. İnsanların nominasiyalar üzrə uğur qazanması, qalib olması, imkan sahibinə çevrilməsi daha doğru addımdır. Hər halda, bu məsələ ilə bağlı müzakirələr davam etməlidir. Çünki elə bir dövrdə yaşayırıq ki, köhnə ənənələrin saxlanılması ilə bir yerə çata bilmərik. Biz bütün hallarda sənətin standartlarını, düşüncə standartlarını qaldırmalıyıq ki, cəmiyyəti müəyyən dərəcədə yaradıcılığa yönəldə bilək. Yaradıcılıq əvəzinə, sənət intriqalarının baş alıb getdiyi bir cəmiyyətdə faydalı nümunələrin meydana çıxmasını gözləmək olmaz”.
Günay