“Milyarderlər dünya üçün təhlükə vəd edir” - SENSASİYALI SORĞU

Müxtəlif ölkələrdə yaşayan milyonerlər arasında maraqlı sorğu keçirilib.
Sfera.az “RBC”yə istinadən bildirir ki, sorğu, İngiltərənin “Survation” marketinq agentliyi tərəfindən aparılıb və sərmayələri ailə başına bir milyon dollardan çox olan 2385 nəfəri (ailənin yaşadığı əmlak istisna olmaqla) əhatə edib.
Respondentlərin 54 faizi milyarderlərin demokratiya üçün təhlükə yaratdığını deyib. İştirakçıların 28 faizi isə 1 milyard dollardan çox sərvətin artıq olduğunu vurğulayıb. Onların 33 faizi 51 milyon dollardan çox sərvəti “hədsiz” hesab ediblər.
Sorğuda iştirak edənlərin yarıdan çoxu etiraf edib ki, sərvətin həddindən artıq konsentrasiyası sosial hərəkətliliyə və daha az varlı insanların həyat keyfiyyətini yaxşılaşdırmağa mane olur.
Respondentlərin 72 faizi düşünür ki, milyarderlər həm də siyasi proseslərə təsir edirlər.
Araşdırmaya əsasən, demokratiyaya inam xüsusilə gənclər arasında zəifləyib: “Milyarderlərin sərvətləri artmaqda davam edir. Amma iqtisadi böhrana görə demokratiya təhlükə altında qalır”.
Sorğuda iştirak edən milyonçuların 53 faizinin fikrincə, məhz milyarderlər qlobal səviyyədə yeni təhlükələrin mənbəyinə çevrilib. “Bu, onların şəxsi təyyarələrdən, helikopterlərdən, yaxtalardan və bahalı avtomobillərdən istifadəni əhatə edən həyat tərzi ilə bağlıdır. Sözügedən proseslər isə qlobal istiləşməni stimullaşdırır”, - iştirakçılar qeyd edib.
Respodentlərin əksəriyyəti problemin yeganə həll yolunun milyarderlər üçün daha yüksək vergi tətbiqindən keçdiyini düşünür. Bundan başqa, sorğuda iştirak edən milyonçuların 66 faizi belə bir vergi ödəməyə hazır olduqlarını bildiriblər: “Amma bir şərtlə ki, yığılan vəsait dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və digər ictimai məqsədlər üçün istifadə olunsun”.
Xatırladaq ki, “Forbes”in məlumatına görə, hazırda dünyada 2,5 mindən çox milyarder var.
Günay