Makron plagiatda İTTİHAM OLUNUR: "Bunu Zemmurdan oğurlayıb"

Fransa Prezidenti Emmanuel Makron prezident seçkilərində keçmiş rəqibi, ifrat sağçı fransız siyasətçi Erik Zemmurun şüarından istifadə edib.
Sfera.az xəbər verir ki, bu barədə "Le Point" məlumat yayıb.
Makronun yeni hökumətin təyinatı ilə bağlı keçirdiyi son mətbuat konfransı böyük səs-küyə səbəb olub. Çıxışı zamanı o, “Fransa sağlam düşüncə, müqavimət və maarifçilik xalqı olaraq qalsın” şüarını işlədib.
Bir sıra fransız siyasətçiləri ölkə prezidentini plagiatda ittiham ediblər. Respublikaçılar Partiyasının sözçüsü Erik Çiotti bu şüardan partiyanın 2021-ci il praymerizləri zamanı istifadə etdiyini bildirib.
Öz növbəsində, Fransa Milli Assambleyasının ifrat solçu “Fəth edilməmiş Fransa” partiyasından olan üzvü Tomas Porte xatırladıb ki, bu ifadə Zemmur tərəfindən 2022-ci il prezident seçkiləri kampaniyası zamanı istifadə olunub. “Sağçılar dövlətin ən yüksək səviyyəsindədir. Bu, fəlakətdir”, - o, "X" sosial şəbəkəsində yazıb.
Bundan əvvəl Makron qanunun aliliyinin qorunmasına və biznesin dəstəklənməsinə diqqət yetirəcəyini bildirib və gələcək illərdə daxili siyasətlə bağlı baxışını açıqlayıb. Ehtimal ki, bu cür bəyanatlar ifrat sağçıların Avropa Parlamentinə seçkilərdə əldə edəcəyi potensial uğura qarşı etirazla bağlıdır.
Əzizə Zeynal