Mühəndislik möcüzəsi, yaxud süni ada üzərində ilk hava limanı

Yaponiyanın Osaka körfəzində inşa edilən Kansay Beynəlxalq Hava Limanını sözün əsl mənasında mühəndislik möcüzəsi adlandırmaq olar. Bu hava limanı süni adada inşa edilən ilk hava limanıdır.
Sfera.az süni ada üzərində tikilmiş ilk hava limanı haqqında maraqlı məlumatları təqdim edir.
Tikinti üçün yer hazırlamaq təxminən beş il çəkib. Suyun üzərində hava limanı tikmək ideyası ilk dəfə 1964-cü ildə Osakadakı Itami hava limanından gələn səs-küy yaxınlıqda yaşayan insanları narahat etməyə başlayanda yaranıb. Nəticədə gecə reysləri ləğv edilib. Bu səbəbdən İtami hava limanı artıq iş yükünün öhdəsindən gələ bilməyib.
Sahildən dörd kilometr aralıda bir körfəzdə inşa edilən Kansay Beynəlxalq Hava Limanı layihəsi 20 ildir ki, hələ də inkişaf etdirilir.
Hava limanının tikintisində bu bölgəyə xarakterik olan zəlzələlər, tayfunlar, sunamilər də daxil olmaqla, bütün mümkün təbii fəlakətlər və digər fövqəladə hallar nəzərdən keçirilib.
Hava limanının birinci mərhələsinin tikintisi 1994-cü ildə başa çatdırılmışdır. O vaxt onun dəyəri inanılmaz dərəcədə baha (15 milyard dollar) olub. Birinin sahəsi 820 hektar, digəri isə 580 hektar olan iki ada yaratmaq üçün körfəzin dibi xüsusi torpaqla örtülməli idi.
Əsas iş təməli hazırlamaq və adanın çökmə ehtimalı ilə bağlı ciddi problemi həll etmək idi. Körfəzin dibində 70% sudan ibarət yumşaq gil - holosin təbəqəsi olur. Bu təbəqəni qumla örtmək üçün xüsusi bir texnika kəşf ediblər. Mühəndislər qum drenajı üçün xüsusi qurğulardan istifadə edərək, polad borular körfəzin dibinə endirilir, 20 m gil təbəqələrinə sürülür və içəriyə qum vurulur. Sonra borular geri qaldırılır və buxtanın dibində qum yığınları qalır. Onların altında su sıxılır və beləliklə torpaq da sıxlaşırdı. Bu proses 510 hektar sahədə diametri 40 sm olan bir milyon borunun 2,5 m intervalla batırılması yolu ilə həyata keçirilib.
Sonra gələcək ada möhkəm dəmir-beton bloklardan 11 kilometr uzunluğunda dəniz divarı ilə hasarlanıb. Tikintisi 2 il davam edən birinci adaya, ümumilikdə 48 min blok istifadə olunub. Bundan sonra təməl üzərində tikinti işləri başlayıb. Torpağı çatdırmaq üçün 15 km uzunluğunda nəhəng konveyer tikilib. Ümumilikdə 180 milyon kub m torpaq boşaldılıb. Bu məqsədlə Osaka və Kobe yaxınlığında, eləcə də qonşu Avaji adasında ekskavatorlarla bütöv təpələr kəsilərək, gətirilib, dəniz səviyyəsindən 30 m hündürlükdə bəndlər salınıb.
Nəticədə dəniz səviyyəsindən 18 metr hündürlükdə süni ada yaratmaq mümkün olub.
İkinci adanın tikintisinə isə 2003-cü ildə başlanılıb.
Kansay hava limanının uzunluğu 1,7 kilometrdir. Adanın ümumi sahəsi dörd kilometr, eni isə bir kilometrdir. Hava limanının mərkəzi hissəsi təyyarə qanadı formasında tikilmiş damı olan dörd mərtəbəli binadır. Memarların fikrincə, bu, hərəkəti, insanın yer dəyişdirmək istəyini simvollaşdırır. Bina 900 sütunla dəstəklənir, təyyarələrin texniki vəziyyətinə güclü kompüter sistemləri tərəfindən gecə-gündüz nəzarət edilir. Konstruksiyanın ən güclü zəlzələ və tayfunlara tab gətirmə ehtimalı nəzərə alınaraq tikilib.
Hava limanının açılışı 1994-cü ilin sentyabrında baş tutub. 17 yanvar 1995-ci ildə Yaponiyada daha çox Kobe zəlzələsi kimi tanınan 7.0 bal gücündə dəhşətli zəlzələ baş verib. Zəlzələnin episentri Kobedən 20 km aralıda olub. Zəlzələ zamanl 4000-dən çox insan həlak olub. Lakin hava limanı (yeri gəlmişkən o da episentrdən 20 km aralıda) uğurlu dizayn sayəsində demək olar ki, heç bir dağıntıya məruz qalmayıb. Burada bir şüşə belə çatlamayıb. Daha sonra, 1998-ci ildə sürəti 200 km/saata çatan tayfun başlayıb. Hava limanı təyyarə qanadını xatırladan quruluşu sayəsində sağ yenə toxunulmaz qalıb.
Hazırda Kansay hava limanı dünyanın ən rahat hava limanlarından biri hesab olunur. Burada sərnişinlər həm uçuş, həm də eniş zamanı heç bir çətinliklə üzləşmirlər. Binanın səviyyəli strukturu beynəlxalq uçuşlardan daxili reyslərə sürətli transferlərə imkan verir. Hava limanı yeri gəlmişkən, bir milyard dollara başa gələn iki səviyyəli körpü ilə bir-birinə birləşir: aşağı hissəsində isə dəmir yolu relsləri tikilmişdir.
Sfera.az
Xanım