Zəngəzur dəhlizi yenidən GÜNDƏMDƏ: “Paşinyan onların təlimatı ilə...”

Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı məsələ yenidən aktuallaşıb. Azərbaycan İran üzərindən keçməklə Naxçıvana gediş-gəliş üçün Araz yolunu razılaşdırıb. Digər tərəfdən, rəsmi İrəvan İranla Azərbaycan arasında razılaşmanın Zəngəzur yolunda tətbiqini təklif edir. Ermənistan Baş naziri Nikol Paşinyan yanvarın 13-də çıxışı zamanı “İran İslam Respublikası Naxçıvanla, Azərbaycanın qalan hissəsi ilə əlaqəni necə təmin edirsə, biz də həmin şərtlərlə bu əlaqəni həm dəmiryolu, həm də avtomobil nəqliyyatı ilə təmin etməyə hazırıq” deyib. O əlavə edib ki, yollar və sərhədlər ölkələrin suverenliyi, ərazi bütövlüyü, yurisdiksiyası prinsipləri əsasında açılmalıdır.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, rəsmi İrəvan maneəsiz giriş-çıxışın tətbiq edilməsinin Azərbaycanla Türkiyə arasında hərbi daşınmalara gətirib çıxara biləcəyini düşünür: “Həmçinin, Türkiyənin Mərkəzi Asiya ilə əlaqələrinin inkişaf edəcəyi düşünülür. Ona görə də, Paşinyan Vaşinqton və Parisin təlimatı ilə əldə olunan razılaşmaya getmir. Digər tərəfdən, Azərbaycan Zəngəzur dəhlizində Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətini də qəbul etmir. Müəyyən dairələr və şəxslər Azərbaycanın məhz buna görə, Ermənistanın şərtləri ilə razılaşmadığını iddia edir. Halbuki, Prezident İlham Əliyev bu məsələnin Ermənistan və Rusiya arasında problem olduğunu vurğulayıb”.
Ekspert bildirib ki, Ermənistan rəhbərliyi sülh müqaviləsinin bağlanması üçün məcbur qalıb Azərbaycanın təklifi ilə razılaşa bilər: “Təbii ki, Zəngəzur yolunda təhlükəsizliyə cavabdeh Rusiya deyil, Ermənistan olacaq. Azərbaycan bu ərazidə Ermənistanın suverenliyini qəbul edir. Eyni zamanda, İrəvan Naxçıvana bu yoldan hərbi yüklərin daşınmamasını tələb edə bilər. Prinsipcə bu məsələlərin növbəti mərhələdə öz həllini tapması mümkündür”.
Günay