Dünya yeni “X xəstəliyi”pandemiyasına hazırlaşır - 20 dəfə daha çox ölüm riski

Yanvarın 19-dək Davosda keçiriləcək Dünya İqtisadi Forumunda “X xəstəliyi” adlı hipotetik xəstəliyin pandemiyasının mümkün yaranma ehtimalı müzakirə olunacaq.
Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozlarına görə, naməlum "X xəstəliyi" COVID-19 pandemiyasından 20 dəfə çox ölümə səbəb ola bilər.
Bir neçə il əvvəl ortaya çıxan "Xəstəlik X" termini elm adamları tərəfindən gələcək epidemiya halında istifadə oluna biləcək peyvəndlər və sınaqlar da daxil olmaqla, əks tədbirlərin işlənib hazırlanmasını təmin etmək üçün istifadə olunur.
Gələcək mümkün pandemiyanın müzakirəsi üçün təşkil edilmiş görüşdə ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus da daxil olmaqla, beynəlxalq ekspertlərin təqdimatlarının olacağı bildirilir. Forumda həmçinin səhiyyə sistemlərini qarşıda duran bir çox çağırışlara hazırlamaq üçün hansı yeni səylərin lazım olduğu müzakirə olunacaq. Xəstəliyin müzakirəsi yanvarın 17-nə planlaşdırılır.
Qeyd edək ki, alimlər hələ bir neçə il əvvəl bəşəriyyəti gözləyən naməlum təhlükəyə "X xəstəliyi" adını veriblər.
2022-ci ilin sonlarında ÜST, koronavirusdan bir neçə dəfə daha ölümcül və ciddi pandemiyaya səbəb ola biləcək naməlum patogeni öyrənmək üçün 300-dən çox alimdən ibarət bir qrup yaradıb.
ÜST rəsmiləri iddia edir ki, yeni viruslar və patogenlər üzərində araşdırmalar yeni pandemiyanın yaranmasına tez və effektiv cavab vermək üçün zəruridir.
Alimlər hesab edirlər ki, “X xəstəliyi”nin hipotetik yayılması tibb dünyasını təəccübləndirən digər ölümcül yoluxucu xəstəliklərin yaranması ilə müqayisə oluna bilər.
Xəstəliyin adındakı X hərfi onun gözlənilməz olduğunu vurğulayır.
Alimlər isə artıq ölümcül Nipah virusuna qarşı peyvənd hazırlamağa başlayıblar. Qeyd edək ki, Nipah virusu ÜST tərəfindən bütün bəşəriyyət üçün potensial təhlükəli xəstəlik kimi tanınır. Alimlər COVID-19 pandemiyasından sonra öz təcrübələrinə əsasən, onun yayılmasının müxtəlif ssenarilərinə əvvəlcədən hazırlaşmaq qərarına gəliblər.
Xanım
Sfera.az