“Cavanşir Quliyevə kim nə deyə bilər?” - Xalq artistini ittiham edənlərə CAVAB

“Cavanşir Quliyevə kim nə deyə bilər?” - Xalq artistini ittiham edənlərə CAVAB

Xalq artisti Cavanşir Quliyevin növbədənkənar seçkidə Prezident İlham Əliyevə səs verəcəyini açıqlaması sosial şəbəkələrdə bəzi şəxslərin narazılığına səbəb olub. Həmçinin, bəstəkara qarşı hücum başlayıb, sərt fikirlər səsləndirilib.

 

Sənətçinin həmkarları isə onun müdafiəsinə qalxıb. Məsələn, Xalq artisti Flora Kərimova sənət dostuna edilən virtual hücumlara səssiz qalmayıb. O, Cavanşir Quliyevin Prezident İlham Əliyevə səs verəcəyi ilə bağlı yayılan açıqlamasından sonra sənətkara qarşı böyüyən tənqid və təzyiq dalğasından söz açıb və həmin şəxsləri tənqid atəşinə tutub.

 

Bununla bağlı Xalq artisti, xanəndə Mənsum İbrahimov isə Sfera.az-a açıqlamasında bildirib ki, hər bir vətəndaşın öz seçim hüququ var:

 

“44 günlük müharibədən, son hadisələrdən, Xankəndi şəhərində olan Zəfər paradımızdan sonra başqa alternativ yoxdur. Yəni İlham Əliyev ölkənin bir nömrəli lideridir. Dünyada da dövlət başçımızın reytinqi yüksəkdir. Əlbəttə, Azərbaycanı qalib ölkəyə çevirən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən məhz İlham Əliyevdir. Zəfər hissini bizə hazırkı prezidentimiz yaşadıb. Ona görə də Cavanşir Quliyev həqiqəti deyir. Burada qeyri-adi bir şey yoxdur. Xalq artistimiz öz ölkəsini, prezidentini dəstəklədiyini bildirib. Təbii ki, ona səs verəcək. Qaldı ki bəstəkarımıza kimin nə sözü ola bilər ki? Cavanşir müəllim böyük bəstəkardır, gözəl ziyalıdır. Bu gün bir vətəndaş, bir sənətkar kimi öz mövqeyini ortaya qoyub. Mən də bunu normal qarşılayır və edilən hücumları haqsız hesab edirəm”.

 

Digər müsahibimiz Xalq artisti, müğənni Gülyanaq Məmmədova isə saytımıza açıqlamasında vurğulayıb ki, qarşıdan gələn seçkilərdə səs verəcəyi yeganə şəxs prezident İlham Əliyev olacaq: 

 

“Öz adıma deyə bilərəm ki, Ali Baş Komandanımızı, Birinci vitse-prezident Mehriban Əliyevanı çox sevirəm. Ulu öndər Heydər Əliyevə sevgim sonsuzdur. Amma başqalarının yerinə danışa bilmərəm. Dövlətimi də, millətimi də, Prezidentimi də sevirəm. Hər zaman öz sənətimlə xalqımıza xidmət etməkdən qürur duyuram. Cavanşir Quliyevə də, tamaşaçılara da hörmətim var. Hərənin öz şəxsi fikri var”.

 

Bəstəkara həmçinin Xalq artisti, aktyor Rasim Balayev, müğənni Azər Zeynalov və digər sənət adamları dəstək olublar.

 

Xatırladaq ki, 19 il Şimali Kipr Türk Cümhuriyyətində yaşadıqdan sonra bir müddətdir, Azərbaycana qayıdan bəstəkardan seçkidə kimi dəstəkləyəcəyi ilə bağlı fikir öyrənilib. O isə fevralın 7-də İlham Əliyevə səs verəcəyini bildirib. Bundan sonra Xalq artistinə qarşı hücum kampaniyasına start verilib. Keçmiş dostları, əqidədaşları bəstəkarı təhqir etməkdən belə çəkinməyib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR