"Azərbaycanda ibtidai təhsil müddəti artırılsın" - TƏKLİF

“Ölkəmizdə ibtidai təhsil müddəti artırılmalıdır”.
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Mütəxəssis bildirib ki, Belçikada ibtidai təhsil dövrü 6 ildir:
“Belçika təhsilini araşdırıram. İbtidai təhsil onlarda 6 ildir. Erkən hazırlıq dövründə formal xarakterli dərslər, qiymətləndirmə yoxdur. Bütün hər şeyi əylənərək öyrədirlər.Tam orta təhsil pilləsini başa vurmaq üçün əlavə 6 il tələb olunur və bu pilləni bitirənlər bəzi ixtisaslar (tibb, idarəetmə) istisna olmaqla ali məktəblərə birbaşa qəbul olurlar”.
E.Əfəndinin sözlərinə görə, ölkəmizdə də bu müddətin artırılması müsbət nəticələr verə bilər:
“Hazırda məktəbəhazırlıq dövrünü nəzərə alsaq, bizdə ibtidai təhsil müddəti 5 ildir deyə bilərik. Tədricən 5-ci sinifi də bu təhsil pilləsinə aid etsək, fikrimcə, müsbət təsirləri olar. Əlbəttə, ilk növbədə tətbiqetmələrə hazır olmalıyıq. Həm cəmiyyət olaraq, həm də maddi-texniki baza olaraq”.
Firuzə Əliyeva