Qızıl kəskin ucuzlaşdı

Qızıl kəskin ucuzlaşdı

Dünya bazarında qızılın unsiyasının qiyməti dünən, noyabrın 11-də əmtəə birjalarında 39 dollar və ya 3,1% azalaraq 1 227 dollara kimi geriləyib.
Qiymətli metalın ucuzlaşmasına səbəb maliyyə bazarlarının ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp barədə fikirlərini dəyişdirməsi olub. Seçkilərə qədər əgər Trampın prezident seçilməsi durumunda investorlar riskli aktivlərdən çıxaraq qızıla investisiya edəcəklərini planlaşdırırdılarsa, daha sonra Respublikaçılar Partiyasından olan yeni prezidentin seçki öncəsi bir qədər sərt iqtisadi fikirlərini seçkilərdən sonra yumşaltması amili investorların qərarlarını dəyişidirməsinə səbəb olub.
Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimallar seçkilərdən öncə Hillari Klintonun seçilməsi şansının yüksək olması səbəbindən 74% təşkil edirdisə, Trampın qazanmasından dərhal sonra 50%-dən aşağı enib, hazırda isə 84% təşkil edir. Məhz bu vəziyyət qızılın qiymətinin kəskin ucuzlaşmasına gətirib çıxarıb. Maliyyə bazarları artıq dekabr iclasında FES-in uçot dərəcəsini artıracağına demək olar ki, tam inanırlar. Belə ki, noyabrın 11-də FES-in önəmli üzvlərindən biri – Stenli Fişer Çili Mərkəzi Bankında həyata keçirdiyi çıxışında dekabrda uçot dərəcəsinin artırılması üçün səbəblərin gücləndiyini qeyd edib. (Report)


OXŞAR XƏBƏRLƏR