“Tələbat əsasən ikiotaqlı evlərədir” – Ekspert kirayə mənzil bazarındakı durumu dəyərləndirdi
Kirayə mənzillərin qiyməti nəzərəçarpacaq dərəcədə artıb.
Bəs, kirayə mənzillərin qiymət artımı nə ilə bağlıdır?
Mövzu ilə bağlı Sfera.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, təkliflər getdikcə azalır, tələbat isə artır:
“Mənzillərin qiyməti yerləşdiyi ərazidən və otaq sayından asılı olaraq dəyişir. Universitetlərin yerləşdiyi ərazilərdə tələbə axınına görə mənzillərin qiyməti olduqca yüksəkdir. Ən ucuz birotaqlı evlər isə Bakıətrafı qəsəblərdə yerləşir. Tələbat, əsasən, ikiotaqlı evlərədir”.
Ekspert bildirib ki, köhnə yaşayış binalarının sökülməsi də qiymət artımına təsir edən faktorlardandır:
“Demək olar ki, ölkəmizdəki kirayə mənzil qiymətləri xarici ölkələrdəki qiymətlərdən fərqlənmir. Hətta Gürcüstanda kirayə mənzillərin qiyməti büdcəyə daha uyğundur. Xaricdən gələn insan axını və onların ölkəmizdə məskunlaşması qiymətlərə təsirsiz ötüşməyib”.
E. Fərzəliyevin sözlərinə görə, ölkədə iqtisadiyyat azad bazar prinsipləri əsasında formalaşıb. Bu hal qiymətlərdə rəqabət mühitini yaradıb:
“Hazırkı situasiyada müştərilərin bazara təzyiq göstərməsi də mümkünsüzdür. Əmək bazarındakı qeyri-stabillik həm müştərilərin, həm də satış bazasındakı potensial investorların risklərini artırır. Bununla bağlı yeganə həll yolu sağlam bazar mühiti formalaşdırmaqdır”.
Ülkər Abdurahmanlı