“Sea Breeze” işində yeni sənəd nələri ortaya çıxardı?
Bu ilin yayında "Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı Cavad Vahid oğlu Muradov və Şamxal İlham oğlu Məmmədov hakim qarşısına çıxarılıb.
Sfera.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində baş tutan hazırlıq iclasında hakim Mirheydər Zeynalov iş üzrə zərərçəkən Məhəmməd Həsənzadənin valideyn və vəkillərinə onun telefon danışıqları ilə bağlı çıxarışları təqdim edib.
Vəkillər bu sənədi tələb etmələrini belə əsaslandırır ki, istitaqın qənaətinə görə, "Sea Breeze”də dava düşən zaman Elmir İsmayılov özünün mühafizə rəisi Məhəmməd Həsənzadə və mühafizəçiləri Peyman Vəlizadə və məktəbli M.Ə-nin müşayiəti ilə orada olublar.
Elmir İsmayılov masa arxasında əyləşəndə Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə masa ətrafında ayaq üstündə dayanmaqla guya onu mühafizə ediblər. Faktiki isə Elmir İsmayılov restoranda olarkən Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və M.Ə orada olmayıblar. İstintaq dövründə Məhəmməd Həsənzadənin vəkilləri dəfələrlə vəsatət qaldıraraq ona məxsus telefon-anten məlumatlarının alınması üçün mobil operator "Azercell”ə sorğu göndərilməsini tələb ediblər. Lakin istintaq dövründə vəsatət təmin edilməyib.
Bu səbəbdən də eyni məzmunlu vəsatəti Məhəmməd Həsənzadənin vəkilləri məhkəməyə də təqdim ediblər. Hakim Mirheydər Zeynalovun "Azercell”ə verdiyi sorğuya cavab isə istintaqın Elmir İsmayılovun restorana Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Murad Əhmədlinin mühafizəsi ilə gəlməsi qənaətini, ümumilikdə isə ittihamını təkzib edir.
Əslində isə Məhəmməd Həsənzadənin "Sea Breeze”yə gəlməsi belə olub:
Elnur Məmmədov restoranda dava salıb Elmir İsmayılova xəsarət yetirdiyi, maşınını əzib-sındırdığı saatlarda Məhəmməd Həsənzadə Bakının Mərdəkan qəsəbəsində olub.
"Azercell”dən verilən cavabdan da görünür ki, hadisə günü Məhəmməd Həsənzadə dava zamanı "Sea Breeze”nin yerləşdiyi Nardaran qəsəbəsində deyil, ondan təxminən 23-24 kilometr aralıda yerləşən Mərdəkanda olub. (Qafqazinfo)