Putin ABŞ-nin keçmiş dövlət katibinin həyat yoldaşına MƏKTUB GÖNDƏRDİ - MƏTN

Putin ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerin həyat yoldaşına məktub göndərib.
Sfera.az bildirir ki, o, Nensi Kissincerə həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib. Rusiya prezidenti məktubda amerikalı siyasətçinin bütün dünyada nüfuz sahibi olan görkəmli diplomat və dövlət xadimi olduğunu vurğulayıb.
Məktubun mətni prezidentin rəsmi saytında dərc olunub.
“Kissincerin adı beynəlxalq münasibətlərdə gərginliyin azaldılmasına və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edən praqmatik xarici siyasət xəttinin qəbulu ilə də bağlıdır”, deyə Putin bildirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də sosial şəbəkə hesabında ABŞ-nin keçmiş dövlət katibinin ölüm xəbərinə münasibət bildirib. O, Kissincerin uzun illər ölkəsinə sədaqətlə xidmət etdiyini, dünya siyasətinin reallıqlarını məharətlə nəzərə aldığını qeyd edib.
Xatırladaq ki, ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib. Bildirilib ki, siyasətçi yerli vaxtla noyabrın 29-da Konnektikut ştatındakı evində dünyasını dəyişib.
Günay