Dönər yemək və zəhərlənməmək: Bakıda keyfiyyətsiz küçə yeməkləri problemi yenidən gündəmdə

Dönər yemək və zəhərlənməmək: Bakıda keyfiyyətsiz küçə yeməkləri problemi yenidən gündəmdə

Baş vermiş növbəti narahatedici hadisə Bakının demək olar ki, hər bir qələbəlik küçəsində satılan küçə yeməklərinin reputasiyasına növbəti dəfə kölgə saldı.

 

"Azərtac” xəbər agentliyinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən yaydığı məlumata görə, 2023-cü il oktyabrın 24-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən "Şah dönər" ictimai iaşə müəssisəsində hazırlanan keyfiyyətsiz dönərdən 24 məktəbli zəhərlənib.

 

Faktla bağlı müvafiq qurumların əməkdaşları ilə birgə dərhal araşdırmalara başlanılıb – "dönərxana”da istifadə edilən inqrediyentlərdən, o cümlədən bişmiş toyuq ətindən və tərəvəzlərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.

 

Araşdırma müddətində müəssisənin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.

 

Təəssüf ki, fəaliyyəti şübhə doğuran iaşə obyektlərinin ciddi risk mənbəyi olmasını sübut edən bu cür epizodlara tez-tez rast gəlinir.

Azərbaycanda hər il yüzlərlə, hətta minlərlə insan, o cümlədən uşaqlar mənşəyi şübhə doğuran keyfiyyətsiz qidaların qurbanına çevrilir.

Dövlət qurumlarının səylərinə baxmayaraq, problemin aktuallığı çox kəskin olaraq qalmaqdadır.

 

Bakıda ölmüş heyvan ətlərinin satışına görə həbs edilən "Leş Tofiq”in işi də daxil olmaqla mətbuatda yayılan həyəcanverici xəbərlər cəmiyyətdə ciddi narahatlıq doğurur.

 

Bununla bağlı bir daha aşağıdakı sualları qabartmaq istərdik:

 

1.Bu alverçilər dönərin əsas inqrediyenti olan əti haradan alırlar? Onlar bununla bağlı hər hansı keyfiyyət sertifikatı təqdim edə bilərlərmi?

2. "Dönərçilər” ən sadə gigiyena standartlarına riayət edirlərmi? Əti kəsən adamın eyni anda müştərilərdən çirkli əskinasları qəbul etdiyini nəzərə aldıqda, bu sual daha ciddi narahatlıq doğurur.

3. İş prosesində zərərli əlavələrdən və konservantlardan istifadə edilirmi?

4. Bu "dönərxana”larda çalışanlar şəxsi gigiyena qaydalarına riayət edirlərmi?

 

Bu suallar, görünür, çoxdan ritorik xarakter alıb.

 

"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynovun mətbuata açıqlamasında qeyd etdiyi kimi, bu gün Bakıda 15 minə yaxın "dönərxana” fəaliyyət göstərir ki, onların əksəriyyəti hələ də keyfiyyətsiz ətdən istifadə edir.

 

Hüseynov mütəmadi olaraq Bakıya gətirilən ölmüş heyvan ətlərinin, həmçinin qeyri-ənənəvi hesab olunan eşşək və at ətinin "dönərxana”lara verildiyini vurğulayıb.

 

Ölkədə nisbətən keyfiyyətli məhsullardan istifadə edən "dönərxana”lar fəaliyyət göstərsə də, keyfiyyətsiz qida məhsulunun satıldığı şübhəli, adsız iaşə obyektləri ilə müqayisədə onların sayı xeyli azdır.

 

Təbii ki, tədarükçüləri diqqətlə seçən, restoranlarında məhsul keyfiyyətinə və gigiyena standartlarına böyük diqqət yetirən tanınmış "fast food” şəbəkələrinin restoranlarında qidalanmaq daha məsləhətlidir.

 

Amma bu və ya digər şəkildə vətəndaşlarımızı zəhərləyən "dönərxana”ların fəaliyyəti hələ də aktual olaraq qalır. Ümid edək ki, aidiyyatı dövlət qurumları bu "qida özbaşınalığı”na nə vaxtsa son qoyacaq.

 










OXŞAR XƏBƏRLƏR