Türkiyədə kritik görüş – Ukrayna müharibəsi bitir?
Rəsmi Ankara oktyabrın sonuna qədər Ukraynada münaqişəsinin həllinə nail olmaq məqsədilə beynəlxalq görüş təşkil etməyi planlaşdırır. Qeyd olunub ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da daxil olmaqla müxtəlif ölkələrin milli təhlükəsizlik müşavirləri məsləhətləşmələr üçün İstanbula gedəcək. Rusiya tərəfi isə görüşə dəvət olunmayıb, Çinin nümayəndə göndərib-göndərməyəcəyi isə məlum deyil.
Maraqlıdır, bu görüşdən müsbət nəticələr gözləmək olarmı? Tərəflər nə kimi qərarlar qəbul edə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Türkiyədə keçiriləcək görüşün xüsusi məqsəd daşıdığını qeyd edib. Analitikin sözlərinə görə, bu, həm də nəbz yoxlanışıdır:
“Burada əsas məqsəd Səudiyyə Ərəbistanında baş tutan böyük toplantıdan sonra bu prosesdə geosiyasi maraqları və dolayısı ilə səhnə arxasında iştirakçı olan ölkələrin rəyini öyrənməkdir. Yəni bu görüşlə bir növ, güzəştlərin sərhədlərini müəyyənləşdirmək istəkləri dəyərləndiriləcək. Doğrudur, bu prosesdə Rusiya iştirak etməyəcək və Rusiyanın iştirak etmədiyi bir görüşdən konkret qərarlar və hansısa nəticələr gözləmək doğru olmazdı. Ancaq başqa tərəfdən, bu bir nəbz yoxlayışıdır. Ayrıca, həm də Rusiya-Qərb qarşıdurması kontekstində Qərbin bu məsələdə sərhədlərini müəyyənləşdirmək istəyirlər. Yəni söhbət güzəşt sərhədlərindən gedir, belə ki, hansı çərçivəyə qədər və hansı şərtlərlə Qərb dünyası bu sülh danışıqlarına razı ola bilər? Çünki bu məsələdə qərar verən tərəf təkcə Ukrayna deyil. Bu gün həm Ukrayna, həm Rusiya, həm də Ukraynaya dəstək verən ölkələr və onların iqtisadiyyatı, büdcələri bu prosesdən yorğun düşüb. Artıq büdcələr və hərbi ehtiyatlar tükənir.
Ayrıca, cəbhədə hərbi cəhətdən ciddi uğurlar, nailiyyətlər əldə etmək mümkün deyil. Doğrudur, əks hücumlarla müəyyən kiçik uğurlar var, ancaq bu yetərli deyil. Çünki lazım olan səviyyədə güc və silah təchizatı yoxdur. Yəni bu bir növ tükənmənin təzahürüdür. Türkiyə bunları bildiyi üçün növbəti dəfə belə bir görüş təyin etməklə, dolayısı ilə Rusiya-Ukrayna müharibəsinin bitməsinin önünü açmaq istəyir”.
Politoloq görüşün nəticələrinə adekvat olaraq Rusiyanın müəyyən addımlar ata biləcəyini deyib. Ekspert Türkiyədə baş tutacaq toplantının müharibənin bitməsi üçün zəmin olacağını vurğulayıb:
“Hər bir halda növbəti dəfə qardaş Türkiyənin vasitəçilik missiyası çox önəmlidir və əlbəttə, nəticə orada qəbul olunacaq qərarlardan və müzakirələrdən asılı olacaq. Daha sonra Türkiyə həmin toplantıdan çıxa biləcək nəticələrlə bağlı Rusiya ilə müzakirələr apara bilər. Çünki ən azından münaqişənin bir tərəfinin maraqlarını və güzəşt sərhədlərinin miqyasını müəyyənləşdirmək çox vacibdir. Bundan sonra artıq Rusiya ilə danışmaq daha rahat olacaq və Rusiyanın qərarı da məhz bu toplantıdan çıxan qərarlara adekvat olacaq. Rusiya ya şərtləri qəbul edəcək, ya da ki, rədd edəcək. Ancaq hər bir halda Türkiyənin təşkil etdiyi bu tədbir çox önəmlidir və müharibənin bitməsi üçün üfüqdə müəyyən ümid işartıları yaradır. Ən azından “tapanlar həmişə arayanlardır” və bu yöndə də sülh arayışında olan, bəlkə də ən istəkli ölkə qardaş Türkiyədir”.
Əzizə Zeynal