“İki-üç gün ərzində müharibənin taleyi həll olunacaq” - Politoloq
Dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bəyan edib.
“Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır”, deyə məlumatda qeyd olunurdu.
Maraqlıdır, erməni sakinləri ilə danışıqlar baş tutacaqmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, həm Ermənistanda və Qarabağda yaşayan ermənilər, həm də onların arxasında dayanan xarici qüvvələr Azərbaycanın şərtləri ödənməyincə, dayanmacağını bilir:
“Antiterror əməliyyatı Azərbaycanın məhz 2020-ci ildən qarşısına qoyduğu məqsədlərdən biridir. Fikrimcə, bu gün əsgərlərimizlə qarşı-qarşıya dayanan ermənilər də silahı atıb qaçmaq, ya da təslim olmağı daha çox istəyərdilər. Əks təqdirdə, onların Azərbaycan hərbiçiləri tərəfindən məhv edilməsi gözlənilir. Həm 44 günlük müharibə zamanı, həm də indi onlar ordumuzun nəyə qadir olduğunu gördülər. İmkan tapan erməni əsgərləri səngərdən qaçır, özünə sığınacaq tapır, ölümdən qurtarır, imkan tapmayan isə yəqin ki, yuxarıdan əmr gözləyir. Bu baxımdan danışıqların başlayacağına inanıram. Düşünürəm ki, son mərhələdə problem sülh masasında həll olunacaq”.
Müsahibimiz bildirib ki, əsas problem orada yaşayan, özünü qondarma qurumun rəhbəri adlandıran şəxslərlə bağlıdır:
“Təbii ki, onlar tutduqları vəzifələri buraxıb Azərbaycana təslim olmaq və ya oranı tərk etmək istəmirlər. Amma çox qısa zamanda təslim olmaqdan başqa çıxış yollarının olmadığını başa düşəcəklər. Bu barədə artıq müəyyən səslər eşidilməkdədir. Düşünürəm ki, iki gün ərzində danışıqlar prosesinə meyl artacaq. Proses uzandıqca, yəni onların silahlı birləşmələri, hərbi hissələri, istehkamları darmadağın edildikcə, danışıqlara daha çox yaxınlaşacaqlar. Yaxın iki-üç gün ərzində müharibənin taleyi həll olunmalıdır. Nə Azərbaycan bunu uzatmaq fikrindədir, nə də buna vaxtımız var”.
Günay Rəsulqızı