Mərkəzi Bank uçot dərəcəsini yenidən sabit saxlayıb – İnflyasiya hələ çox güclüdür

Mərkəzi Bank uçot dərəcəsini yenidən sabit saxlayıb – İnflyasiya hələ çox güclüdür

Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi yenidən sabit saxlanılıb. 

 

Sfera.az AMB-yə istinadən xəbər verir ki, uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7,5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində qalıb.

 

AMB bildirir ki, bu qərarı verən zaman aparılan makroiqtisadi təhlillər, yenilənən proqnozlar, daxili və xarici inflyasiya amilləri üzrə risklər balansının dəyişimi nəzərə alınıb.

 

Qeyd edək ki, hər bir ölkədə uçot dərəcəsi inflyasiya səviyyəsinə uyğun müəyyənləşdirilir. Ölkədə inflyasiya proqnozlaşdırılan həddən çox yüksəldikdə uçot dərəcəsi artırılır, inflyasiya səviyyəsi azaldıqda isə uçot dərəcəsi aşağı salınır. 

 

Azərbaycanda 2022-ci ilin mart ayından başlayaraq dövri inflyasiyada yenidən artımın müşahidə edilməsi uçot dərəcəsinin də yenidən artırılmasına səbəb olub. Uçot dərəcəsi öncə 7,75 faizə, ilin sonunda isə 8,25 faizə çatdırılıb.  Dövrü inflyasiyanın 2023-cü ilin əvvəlində yüksəlməyə davam etməsi AMB-ni uçot dərəcəsini bir qədər də artırmağa məcbur etdi və mayda uçot dərəcəsi 9 faizə çatdırıldı. 

 

Son artımların ardından dövri inflyasiyada sürətin zəifləməsi görünür. 2023-cü ilin yanvar-fevral aylarında 13,9 faiz olan dövri inflyasiya yanvar-avqustda 11,7 faizə geriləyib.  İnflyasiya səviyyəsinin geriləməsi hələ bir müddət də uçot dərəcəsini 9 faiz səviyyəsində saxlamağı məqsədəuyğun edir.

 

Böyük ehtimalla dövri inflyasiya 10 faizdən aşağı düşənə qədər AMB uçot dərəcəsini sabit saxlayacaq, daha sonra isə uçot dərəcəsi tədricən endiriləcək.  İndi uçot dərəcəsini 9 faizdə sabit saxlamağa neft qiymətlərinin yüksəlməsi də tələb edir.

 

Neft qiymətləri son 2 ayda xeyli yüksəlib ki, bu da əmtəə qiymətlərinin yenidən artmasını şərtləndirə bilər. Buna görə də hələ bir müddət uçot dərəcəsinin yüksək səviyyədə sabit saxlanılması məqsədəuyğundur.

 

Vasif


OXŞAR XƏBƏRLƏR