“Avropa Parlamentinin sanksiya hədəsi absurddur” - Deputat
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri səbəbilə Avropa Parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı təklif irəli sürülüb. Tələb olunur ki, hərbi əməliyyatlar dayandırılmalıdır.
Maraqlıdır, Azərbaycana qarşı hər hansı sanksiyanın tətbiqi nə dərəcədə real görünür ?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev Azərbaycana qarşı hər hansı sanksiyanın tətbiqinin absurd olduğunu bildirib. Parlamentarinin sözlərinə görə, həyata keçirilən tədbirlər beynəlxalq qanunlar çərçivəsindədir:
“Azərbaycan öz ərazisində lokal antiterror əməliyyatları həyata keçirir. Bu, hər hansı dövlətə qarşı deyil və etnik təmizləmədən söhbət getmir. Odur ki, Avropa Parlamentinin sanksiya hədəsi absurddur. Çünki biz beynəlxalq norma və qanunları pozmuruq. Həmin ərazilərdə sülhməramlı qüvvələr, monitorinq mərkəzləri var və onlardan da müvafiq məlumatlar, arayışlar alına bilər. Sanksiyanın tətbiqi dinc əhaliyə qarşı sərt tədbirlərin aparılması halında mümkündür. Biz isə humanitar dəhliz belə təşkil etmişik. Bu əməliyyatlarda insan hüquqlarının tapdanmasından söhbət getmədiyi üçün sanksiya tətbiqi absurd görünür”.
Deputat beynəlxalq təşkilatların dövlət başçısına antiterror əməliyyatlarını dayandırmaqla bağlı çağırışlarının cavabsız qalacağını deyib:
“Məlumdur ki, antiterror tədbirləri Azərbaycan ərazisində keçirilir. Burada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, terror əməliyyatları, təxribatları həyata keçirən qeyri-qanuni hərbi birləşmələr mövcuddur. Əməliyyatlardan öncə həmin birləşmələrə yaradılmış dəhliz vasitəsilə Azərbaycanı tərk etmək çağırışı edilsə də, icma rəhbərləri ilə danışıqlar təklif olunsa da, buna məhəl qoyulmayıb. Onlar öz havadarları vasitəsilə terror əməllərini həyata keçiriblər. Ona görə də bu gün antiterror əməliyyatları davam edir”.
Əzizə Zeynal