Müharibə Rusiyanın içinə keçir – Ötən gecə Ukrayna yeddi regiona hücum edib

Avqustun 29-dan 30-na keçən gecə Ukraynadan buraxılan pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiyanın yeddi regionuna hücum həyata keçirilib.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, avqustun 29-da axşam saatlarında Pskovda hərbi-mülki aerodrom hücuma məruz qalıb. Orada yanğın başlayıb. Əyalətin qubernatoru Mixail Vedernikovun sözlərinə görə, ölən və xəsarət alan yoxdur. Hücumla əlaqədar bu gün hava limanında uçuşlar təxirə salınıb.
Qubernator ciddi zərərin olmadığını bildirsə də, media qurumları hava limanında olan dörd ədəd “İl-76” hərbi-nəqliyyat təyyarəsinin zədələndiyinə dair xəbər yayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, pilotsuz təyyarənin hücumu fonunda Pskovda 8 reys təxirə salınıb.
Daha bir hücum Bryansk vilayətinə olub. Vilayətin qubernatoru Aleksandr Boqomazın sözlərinə görə, hücumda istifadə edilən PUA-ların hamısı vurulub. Amma səhər saatlarında Bryanskın Sovetski rayonuna daha bir hücum olub ki, bunun nəticəsində inzibati bina zədələnib, yanğın baş verib.
Bryanskla qonşuluqda yerləşən Oryol vilayətinə də hücum edilib. Rusiya tərəfinin məlumatına görə bütün PUA-lar məhv edilib, vilayətə zərər dəyməyib. Kaluqa əyalətinə isə gecə saat 02:00 radələrində hücum baş verib.
Hücum nəticəsində PUA-lardan biri Dzerjinski rayonunda neft məhsullarının saxlandığı çənə çırpılıb. İkinci PUA isə tankı hədəf alıb və zərbə nəticəsində tank yanıb.
Ryazan vilayətində hücum saat 04:00 radələrində baş verib. Rusiya Müdafiə Nazirlityi Ryazana hücumda istifadə edilən PUA-ların Qara dənizdə yerləşən gəmirlərdən atılan atəşlə zərərzisləşdirildiyini bildirib.
Hücuma məruz qalan vilayətlərdən biri də Moskva olub. Moskva vilayətinin Ruza rayonunda bir neçə PUA görünüb. İddiaya görə PUA-ların hamısı məhv edilib.
Qeyd edək ki, adıçəkilən vilayətlər Ukrayna, Rusiya və Belarusun sərhədlərinin kəsişdiyi ərazidən başlayır və Qara dənizə qədər uzanır. Son aylarda Ukrayna ilk dəfə olaraq bütün sərhəd boyu Rusiyaya qarşı PUA hücumu həyata keçirmiş olub.
Vasif