Rusiya yaxın 10 ildə dağılacaq – ŞOK HESABAT
ABŞ kəşfiyyatının leqal qurumu kimi tanınan “Stratfor” beyin mərkəzinin analitikləri Rusiya ilə bağlı şok proqnoz irəli sürüblər.
Publika.az xəbər verir ki, analitiklər Rusiya Federasiyasının dağılmasının qaçılmaz olduğunu bildiriblər.
Mərkəzin qlobal siyasi və iqtisadi hadisələr haqqında məruzəsində deyilir ki, bu hadisə yaxın 10 ildə baş verə bilər. Analitiklərin fikrincə, sanksiyalar, neft qiymətlərinin düşməsi, rublun dəyərdən düşməsi, hərbi xərclərin artması və daxili çəkişmələr dünyada ən böyük ölkənin üzərində Kremlin hakimiyyətini zəiflədəcək.
“Rusiya de-yure bir neçə hissəyə bölünməyəcək, amma Moskva o qədər zəifləyə bilər ki, ölkə faktiki olaraq muxtar qurumların toplantısına çevriləcək. Muxtar qurumlar hətta bir-biri ilə münasibətləri qaydaya sala bilməyəcəklər”, - “Stratfor”un məruzəsində deyilir.
Bildirilir ki, hakimiyyətə qarşı üsyanlar olmayacaq, ancaq ölkə üzərində Kremlin nəzarət qabiliyyəti itdiyi üçün boşluq yaranacaq və Rusiyanın yalnız ayrı-ayrı fraqmentləri qalacaq.
Mərkəzin analitikləri hesab edir ki, ABŞ Rusiyanın nüvə arsenalının təhlükəsizliyin təmin olunması üçün öz silahlı qüvvələrindən istifadə etməli olacaq: “Vaşinqton bu problemi həll edəcək tək gücdür. Ancaq ABŞ da bütün raketlər üzərində nəzarəti təmin edə bilməyəcək. Birləşmiş Ştatlar hərbi qərarlar verməyə məcbur ola bilər. Amma hazırda nüvə hücumlarının potensial təhlükəsini nəzərə alaraq bunu təsəvvür etmək çətindir. İkinci yol isə sabitlik yaratmağa çalışmaq, regionlarda silahların neytrallaşmasında iştirak edən və iqtisadi baxımdan yaşamağa qabil hökumətlər yaratmadır”.