“Taxıl sazişi”nin aqibəti necə olacaq? - ŞƏRH 

“Taxıl sazişi”nin aqibəti necə olacaq? - ŞƏRH 

Sabah İstanbulda Rusiya və Ukrayna Müdafiə Nazirliklərinin nümayəndələrinin görüşü gözlənilir. Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçiriləcək görüşdə "Taxıl sazişi"nin perspektivi müzakirə olunacaq. 

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiyadan verilən açıqlamaya görə, "Taxıl sazişi"nin müddətinin uzadılmaması da mümkündür:

 

“Rusiya razılığın icrasında haqsızlığın olmasını iddia edir. Fikrimcə, Kremldən və Rusiya Xarici İşlər Nazirliyindən verilən oxşar məzmunlu bəyanatlar daha çox dünya ölkələrini qorxutmağa hesablanıb. Belə demək mümkünsə, Moskva dünyanı aclıq təhlükəsi ilə təhdid etməyə çalışırdı. Amma bu, blefdir. İstanbulda keçiriləcək görüş uğurlu olacaq və "Taxıl sazişi"nin müddəti növbəti dəfə uzadılacaq. Ankara bunda xüsusilə maraqlıdır.

 

Birincisi, "Taxıl sazişi" məhz Türkiyənin adı ilə bağlıdır, təşəbbüsün davam etdirilməsi Ankaranın imicini daha da artıracaq.

 

İkincisi, bu, qarşıdan gələn prezident və parlament seçkiləri ərəfəsində hakim AK partiyaya əlavə "xal qazandıracaq".

 

Üçüncüsü, "Taxıl sazişi" hələ ki, Kiyevlə Moskvanı bir araya gətirə bilən yeganə məqamdır”.

 

Müsahibimiz bildirib ki,  Rusiyanın Türkiyənin səylərinə rəğmən, "Taxıl sazişi"ndən imtina edəcəyini düşünmür:

 

“Bu, Moskva ilə Ankara arasındakı münasibətlərə mənfi təsir edə bilər. Həmçinin, Qərbin təzyiqləri üçün imkan yaranacaq. Rusiya indiki halda buna getməz. Ehtimal ki, İstanbulda "Taxıl sazişi" daha bir neçə ay müddətinə uzadılacaq”.

 

Qeyd edək ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar. Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR