"Kibertəhlükəsizlik sahəsində ən böyük çatışmazlığımız insan kapitalı ilə bağlıdır" - Elvin Balacanov
"Bir sıra ölkələrin statistikasına baxsaq görərik ki, kibercinayətkarlıq bizdə ağır yox, az ağır cinayətkarlıq hallarına şamil olunur".
Sfera.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin Avropa Birliyi və Avropa Şurası ilə birgə tədqiqat layihəsinin nəticələrinin təqdimatı ilə bağlı konfransda çıxışı zamanı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın sədri Elvin Balacanov bildirib.
O, əksər insanların kibercinayətkarlıqla qarşılaşdığını bilmədiyini qeyd edib:
"Bizim Kibertəhlükəsizlik sahəsində ən böyük çatışmazlığımız insan kapitalı ilə bağlıdır. Ölkədə texniki sahədə insan resurslarının yetişdirilməsinə önəm verilir, lakin bu sahənin tənzimlənməsi ilə bağlı ekspertlərə də ehtiyac var. Biz ən azından hüquq fakültələrində bu sahədə ixtisaslaşmalar müşahidə etmirik. Ötən il 9 universitetdə bu sahədə fənnin tədrisinin məcburi olmasını qəbul etdirdik. Əvvəl suallar verilirdi ki, kibercinayətkarlıqla bağlı məsələləri hüquq tənzimləməlidir, nə üçün geriləmə var? Cavab budur ki, çünki o dövrdə kibercinayətkarlıq problemi aktual deyildi. Vətəndaşların kibercinayətkarlıq hallarını nə səviyyədə bildirməsi də qlobal problemlərdəndir. Bir sıra hallarda vətəndaşlar bilmirlər ki, onlara qarşı bu sahədə cinayət törədilir. Buna görə biz bu istiqamətdə maarifləndirməni artırmalıyıq. Bu istiqamətdə bir neçə qurum yox, universitetlər, QHT-lər də aktiv olmalıdır".
Əzizə Zeynal
Foto:Anar Bayramlı