Gecəyə damğa vuran qucaqlaşma: Hollivudun üz döndərdiyi aktyor necə “Oscar” qazandı? - VİDEO

Gecəyə damğa vuran qucaqlaşma: Hollivudun üz döndərdiyi aktyor necə “Oscar” qazandı? - VİDEO

Aktyorlar Ke Huy Quan ilə Harrison Fordun qucaqlaşması 95-ci “Oscar” mükafatlarının ən təsirli anı oldu.
 

Sfera.az “Oscar” gecəsinə damğa vuran qucaqlaşmanın pərdəarxası detallarını təqdim edir:

 

O, 1980-ci illərin ən məşhur iki filminin uşaq ulduzu idi, sonra isə yoxa çıxmışdı. 

Ke Huy Quanın dünən axşam Los-Ancelesdəki “Dolby” teatrında səhnədə Harrison Fordu qucaqlaması hamıya emosional təsir etdi. Çünki bu, uzun müddətdir ayrılmış iki ulduzun yenidən bir araya gəlməsi idi.

 

Ford “Everything Everywhere All at Once” (“Hər şey hər yerdə eyni anda”) filminin  yeddi qalibiyyətlə gecəni taclandırdığını yenicə elan etmişdi. Bir neçə dəqiqə əvvəl isə eyni səhnədə Quan “Ən yaxşı ikinci plan aktyoru” mükafatını qazandıqdan sonra emosional çıxış etmişdi. 

Axırıncı dəfə onlar 39 il öncə - Quan “Indiana Jones” və “Temple of Doom” (“Qiyamət məbədi”) filmlərində “Short Round”u canlandıranda bir araya gəlmişdilər. Yeri gəlmişkən, onları “Qiyamət məbədi” üçün bir araya gətirən Stiven Spilberq də dünən gecə izləyicilər arasında idi. 

 

Quan 1980-ci illərin ən böyük uşaq ulduzlarından biri olub. Yuxarıda adını çəkdiyimiz filmlərlə yanaşı o, “The Goonies”də Data roluna çəkilib və “Encino Man”da Kim obrazını canlandırıb. 

 

Quanın Hollivud aləmindəki səyahəti olduqca qeyri-adidir. Uğuru erkən dadsa da, o, yetkinləşdikdə rolların yoxa çıxdığını görüb. Buna görə də kaskadyor koordinatoru və rejissor köməkçisi kimi çalışaraq kamera arxasına keçməyə məcbur olub. 50 illik yubileyinə yaxınlaşarkən aktyorluqda şansını daha bir dəfə sınamaq qərarına gəlib və əyləncəli elmi-fantastika filmi olan “Everything Everywhere All at Once”da rol alıb. Bu zaman o, artıq 20 ildən çox idi ki, aktyor kimi fəaliyyət göstərməmişdi. 

 

Quan özünün “Oscar” nitqində də qeyd etdi ki, aktyorluqda izlədiyi trayektoriyanın qarşısıalınmaz, nağılvari bir məntiqi var, belə şeylər adətən, “yalnız filmlərdə olur”.

"Son dəfə mən ekranda görünəndə balaca uşaq idim, indi isə orta yaşlı bir insanam. Tamaşaçıların necə reaksiya verəcəyini bilmirdim. Düşünürəm ki, son iki ayda son 20 ildə ağladığımdan daha çox ağlamışam”, - deyir Quan.

 

O, gözyaşlarının səbəbinin isə uzun illər əvvəl aktyorluğu tərk etməsinin ağrılı xatirələri olduğunu qeyd edir. Aktyorun fikrincə, o, Hollivuddan əl çəkməyib, Hollivud ondan üz döndərib. 

 

Quan 12 yaşında kino biznesinə böyük qardaşlarından biri ilə birlikdə kastinq çağırışına gedərək daxil olub. O, bir anda özünü Stiven Spilberq, Corc Lukas və Harrison Fordla birlikdə bir otaqda tapıb. Onların kim olduğunu bilmirdi, çünki ailəsinin kinoya getməyə imkanı yox idi. Balaca Quan rola uyğun görülür və çəkilişlər başlayır. Aktyor Şri Lankadakı çəkilişləri hələ də həyatının ən yaxşı macərası hesab edir. 

 


Balaca aktyor bu filmdən birbaşa “The Goonies” filmi üçün Data roluna çağırılır. Quan elə onda qərara gəlir ki, bu, ömrünün sonuna qədər etmək istədiyi şeydir.

 

“Budur, mən ən məşhur iki filmdə idim, ona görə də uşaq vaxtı bunun norma olduğunu düşünürdüm”, - o, təəssüflə deyir.

 


Quan zamanla dərk edir ki, Hollivud asiyalı personajlarla və ya Asiya tamaşaçıları ilə çox da maraqlanmır. "Uşaq aktyordan yetkin aktyora keçid etmək həmişə çətindir. Amma siz asiyalısınızsa, bu, 100 dəfə daha çətin olacaq. Çox vaxt zarafat edilən tərəf olurduq. 20-25 yaşlar qızıl illər olmalıdır və mən isə yalnız telefonun zəngini gözləyirdim”. 

Aktyor ən dibi gördüyü anı isə tərəddüdlə etiraf edir. 1993-cü ildə müharibə filmində partizan rolunu sınayıb. Ancaq bu, heç rol da hesab olunmazdı, obrazın adı belə yox idi, üç sətir dialoqu vardı. Lakin bu, onun il ərzində əldə etdiyi ilk fürsəti idi, ona görə də kastinqə gedir. Lakin həmin kiçik rol üçün yarışan daha 30 asiyalı kişini görəndə ürəyi sıxılır. O, bu cür cılız bir rolu belə almağın çətinliyini görəndə özünə inamı yerlə yeksan olur:

 


"Mən elə bilirdim ki, kifayət qədər yaxşı deyiləm, kifayət qədər uzun deyiləm, kifayət qədər yaraşıqlı görünmürəm. Əvvəllər sahib olduqlarım indi yoxdur”.

 

Sonrakı iki ili bir növ qeyri-müəyyənliklə keçirir: fəal iş arxasınca getmir, lakin hələ də təslim olmur: “Möcüzəyə ümid edirdim: bəlkə onlar “Goonies 2” və ya başqa “İndiana Jones” çəkəcəklər. Yaxud da ola bilsin ki, bir televiziya şousu insanlara mənim nələr edə biləcəyimi göstərər”. Və heç biri baş vermir…

 

1995-ci ildə Quan kino məktəbinə yazılmaq və hələ də sevdiyi işin pərdəarxasına keçmək qərarına gəlir. O, əvvəl “X-Adamlar” filmində döyüş xoreoqrafı Kori Yuen, daha sonra “2046-cı il” filmində məşhur rejissor Vonq Kar-Vay ilə işləyir. 

 


2018-ci ildə ərsəyə gələn “Çılğın zəngin asiyalılar” filminə qədər  aktyorluğu yenidən nəzərdən keçirmir. O, uzun fasilədən sonra kiçik rolları qəbul etməyə qərar verir. Lakin iki həftə keçməmiş “Hər şey hər yerdə və eyni anda” filminin ssenarisini oxuyur və uzun illərdən sonra ilk dəfə dinləmələrə hazırlaşır. 


“Çox güldüm, çox ağladım və həyat yoldaşıma dedim ki, bu rol mənim üçün yazılıb. Mənə elə gəlir ki, bütün həyatımı bu filmə hazırlaşmağa sərf etmişəm", - aktyor deyir. 

 

Artıq Oscar mükafatlı aktyor olan Quan gələcəkdən ümidli olduğunu xüsusi vurğulayır:

 

“Bizə balaca ikən aşılanan dəyərlər başımızı aşağı salmaq, çox çalışmaq və heç nə deməmək idi. Ancaq gənc nəsil hər şeyi dəyişir. Mən çox optimistəm”.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR