8 milyona satmaq istədilər, indi isə... – “Məhsul” stadionunun son durumu FOTOLARDA

8 milyona satmaq istədilər, indi isə... – “Məhsul” stadionunun son durumu FOTOLARDA

Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında yerləşən “Məhsul” stadionu uzun müddətdir ki, baxımsız vəziyyətdədir. Ümumi ərazisi 1,26 hektar (12 600 kvadrat metr) olan stadion təmir edilmədiyindən istifadə üçün yararsızdır.

 

Sfera.az xəbər verir ki, “Məhsul” stadionu Bakı şəhərində əhalinin sıx məskunlaşdığı ərazidə yerləşir. Stadionun ətrafında çoxlu sayda bina var və əraziyə yaxın olan hissədə park salınması, idman qurğularının inşa edilməsi üçün boş ərazi yoxdur. Buna görə də boş qalan qalan ərazidən səmərəli istifadə edilməsi, əhalinin boş vaxtının səmərəli keçirilməsi, istirahətinin təmin edilməsi üçün müvafiq infrasturturun yaradılması məqsədəuyğundur. Stadionun acınacaqlı vəziyyətdə olması Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vəzifəli şəxslərinin hərəkətləri ilə bağlıdır.

 

Bu idman qurğusu İttifaqın İdman Təşkilatları Assosiasiyasının balansındadır. İdman qurğusu təmir edilmək əvəzinə bir neçə il öncə qeyri-qanuni formada tikinti şirkətlərinə satışına cəhd edilib. Lakin Konfederasiyanın rəhbərliyi burada da özlərini “peşəkar” aparıblar. Konfederasiya rəsmiləri alıcı olan tərəflərə qarşı dələduzluq edərək böyük məbləğdə pul vəsaitini mənimsəyib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi də açılıb. 2022-ci ildə açılan cinayət işi üzrə ilkin araşdırma zamanı məlum olub ki, Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov həmin klubun istifadəsində olan “Məhsul” stadionunun ərazisinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirib. Bu məlumat əsasında müvafiq maddələrlə cinayət işi başlanılıb.

 

Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq sözügedən stadion ərazisini, guya, həmin yerdə çoxmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

 

 

Qeyd edilən hallarla bağlı Nadir Əliyev və Alik Həsənova barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevdir. S.Möhbalıyev 1993-cü ildən bu quruma rəhbərlik edir. S.Möhbalıyevin rəhbərlik etdiyi qurumun balansında olan stadionun hazırkı vəziyyəti aşağıdakı fotolarda əks olunub.

 

Orxan

 


OXŞAR XƏBƏRLƏR