“Nasist salamını verməkdən imtina edən adam” FOTOSUNUN HEKAYƏSİ

Bu ikonik fotodakı adamın əslində başqa bir fotosunu sizə keçmiş yazıların birində təqdim etmişdik. Əsir düşərgəsindən həyat yoldaşını görmək üçün dəfələrlə qaçmağa nail olmuş Avqust Landmesser nasist generalı ilə qarşı-qarşıya məğrur dayanır.
Sfera.az bu dəfə isə sizə bu ikonik fotodakı adamın hekayəsini təqdim edir.
Hekayə 1936-cı il iyunun 13-də Horst Wessel gəmisi üçün keçirilən mərasimdə başlayır.
13 iyun 1936-cı ildə Almaniyanın Hamburq şəhərində Horst Wessel hərbi gəmisinin suya buraxılması mərasimi: Dövrün ruhuna uyğun olaraq Hitler faşizminin güc nümayiş etdirdiyi bir hadisəyə çevrilir.
Hər kəs Hitlerə nasist salamı verir!
Saatlar əvvəl ərazini dolduran və Hitlerin gəlişini gözləyən minlərlə insan gözlənilən an gəlib çatanda bu gün nifrət etdiyimiz nasist ideologiyasının simvollarından biri olan məşhur salamı verdiklərini göstərmək üçün az qala bir-biri ilə yarışırlar.
Ancaq minlərlə insandan biri etiraz mövqeyi və rəftarı ilə bütün diqqətləri çəkir. Qollar bükülü halda kadrlarda əks olunan və bununla da tarixə damğasını vuran bu şəxs o vaxt gəmiqayırma zavodunda fəhlə işləyən 26 yaşlı Avqust Landmesser olub.
Nə üçün Nasist Partiyasına qoşulub?
Avqust Frans Landmesser və Vilhelmin Maqdalena Landmesserin yeganə övladı olan Avqust Landmesser iş tapmaq ümidi ilə 1931-ci ildə Nasist Partiyasına qoşulur. Sonra Hamburqdakı gəmiqayırma zavodunda işləməyə başlayır.
1933-cü ildə İrma Eklerlə görüşmək və ona aşiq olmaq onun həyatının dönüş nöqtəsinə çevrilir. Çünki Ekler yəhudi əsilli idi. Sonrakı iki il ərzində münasibətlərini gizlətməyi bacaran cütlük evlənmək qərarına gəlsə də, hər şey bir anda dəyişib.
Cütlüyün evlilik planlarını eşidən Nasist Partiyası rəsmiləri dərhal vəziyyəti ələ keçirərək “Alman irqini pozma” səbəbiylə evliliyin qarşısını alıb. Lakin Landmesser bu zorakılıqdan əl çəkəcək adam deyil. O, qərarı həzm edə bilmir və nasist partiyasını tərk edir.
Cütlük evlənməyə bilərdi, amma münasibətlərini davam etdirirlər. Onların ilk övladı 29 oktyabr 1935-ci ildə bu qalmaqal davam edərkən dünyaya gəlib. Uşağın doğulması Landmesserin həyatını xeyli çətin vəziyyətə saldı. Çünki faşistlərin ona qarşı təzyiqləri günü-gündən artırdı.
Buna görə də Landmesser 13 iyun 1936-cı ildə çəkilmiş fotoda nasist rejiminə açıq şəkildə etiraz edib.
Bəs sonra nə baş verib?
1937-ci ildə cütlük Nasist Almaniyasından Danimarkaya qaçmağa qərar verir, çünki Ekler yenidən hamilə olub. Lakin onlar sərhəddə nasistlərə əsir düşürlər. Bundan dərhal sonra Landmesser nasist qanunlarına görə cinayət sayılan "irqini ləkələmək" maddəsi ilə mühakimə olunub. O, günahkar bilinərək həbs edilir. Bir il sonra isə dəlil olmadığı üçün bəraət alıb. Lakin bu dəfə ona həyat yoldaşı ilə görüşmək qadağan edilib.
İkinci həbsi
Nasistlərin bu qərarına da qarşı çıxan Landmesser 1938-ci ildə yenidən həbs edilir. Günahkar bilinirək 3 il cəzasını çəkəcəyi Börgermoor konsentrasiya düşərgəsinə göndərilir. Bu tarixdən sonra o, həyat yoldaşını və qızlarını bir daha görməyəcəkdi.
İrma Eklerin başına gələnlər
Həyat yoldaşının edam xəbərini aldıqdan qısa müddət sonra bu dəfə alarm Ekler üçün çalır. Tezliklə gestapo tərəfindən əsir götürülür və Fuhlsbüttel həbsxanasına göndərilir.
Eklerin ölümü
İkinci övladı İreni dünyaya gətirdikdən sonra bir çox fərqli toplama düşərgələrinə göndərilən Eklerin son ünvanı 1942-ci ildə 14.000-dən çox adamla birlikdə öldürüldüyü Bernburq Evtanaziya Mərkəzi olur.
Avqust Landmesserin taleyi
Landmesser 1941-ci ildə, müharibənin qızışdığı vaxtda buraxılır. Daha sonra Püst adlı gəmiçilik şirkətində usta işləməyə başlayır. 1944-cü ilin fevralında (ehtimal ki, məcburi) hərbi xidmətə çağırılana qədər işini orada davam etdirib. Rəsmi sənədlərdə guya həmin ilin oktyabrında Xorvatiyada gedən döyüşdə həlak olub.
Müharibədən sonra, 1949-cu ildə isə Rostok rayon məhkəməsi Avqust Landmesserin ölüm tarixini 1 avqust 1949-cu il elan edib. Hamburq Senatı 1951-ci ildə Avqust və İrmanın ölümünü rəsmən elan edib. Cütlüyün övladları isə hələ də sağ olub və dövlət uşaq evinə yerləşdirilib.
Avqust Landmesserdən qalan bəşər tarixinə keçmiş o ikonik fotoşəkil və faşizmə qarşı nümunə olan cəsur davranışıdır…
Xanım
Sfera.az