“Ukrayna qışın sonlarına doğru yeni hücumlara başlayacaq” - Açıqlama

“Ukrayna qışın sonlarına doğru yeni hücumlara başlayacaq” - Açıqlama

“Rusiya-Ukrayna sərhədində ilin sonuna doğru ciddi dəyişiklik olmayacaq. Çünki Rusiyanın yenidən toparlanması və səfərbərlik nəticəsində toplanmış 300 minə yaxın insana təlim keçməsi müəyyən zaman alacaq”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Ekspert Rusiyanın toparlanmasının gələn ilin fevral ayınadək davam edəcəyini vurğulayıb:

 

“Rusiyanın Ukraynadakı əsas hədəfi bütün enerji sistemini məhv etməklə istilik sistemlərini yox edərək insanları kütləvi olaraq Ukraynanı tərk etməsinə yol açmaqdır. Nəticə etibarilə, Avropa növbəti humanitar faciə ilə qarşı-qarşıya qalacaq. Zelenskinin ABŞ-a səfəri əhəmiyyətlidir. Ona görə ki, ən azından müharibə bitənədək ABŞ kimi güclü ölkənin Ukraynaya iqtisadi, maliyyə və hərbi cəhətdən dəstək olması lazımdır. Konqresdə və Senatda bəzən Ukraynaya hərbi yardımların və maliyyənin ayrılması məsələsində müəyyən fikir ayrılıqları yaşana bilir. Ancaq Zelenskinin bəzi gerçəkləri üz-üzə ABŞ konqresmenlərinə açıqlaması, bir çox qaranlıq məsələlərə aydınlıq gətirməsi perspektivdə ABŞ-ın Ukraynaya daha çox yardım etməsinə yol açacaq. Bu da Ukrayna üçün həyati əhəmiyyət daşıyır”.

 

Politoloq  qışın sonu, yaz aylarına doğru Ukraynanın mümkün qələbəni əldə edə biləcəyini düşünür:

 

“Düşünürəm ki, yaz aylarına doğru Ukraynaya lazım olan bəzi strateji silahlar alındıqdan sonra Ukraynanın yeni əks hücum əməliyyatları keçirməsi planlaşdırılır. Bu xüsusda ruslar toparlananadək Ukrayna Krımla sərhəddə olan Melitopol, Beridiansk kimi məntəqələri işğaldan azad edə, Krım sərhədinə çıxa bilər. Eyni zamanda Donbasda, Donetsk və Luqanskda bir çox yaşayış məskənlərinin işğaldan azad olunması mümkündür. Nəhayət, əks hücumla Zaporojinin tamamilə azad olunması planlaşıdırılır. Bu da yaz gəlməmiş Ukraynanın böyük hissəsinin işğaldan azad olunması deməkdir. Beləliklə, Krımın ya diplomatik, ya da hərbi yolla taleyi həll olunacaq".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR