Koronavirus peyvəndi qripin ağır keçməsinə səbəb olur? - Açıqlama
Son günlər Azərbaycanda qripə yoluxanlar xəstəliyi ağır formada keçirdiyini bildirirlər. İddialardan biri budur ki, bu, koronavirus əleyhinə vurulan vaksinlərlə bağlıdır. Belə ki, iddialara əsasən, peyvənd vurduran şəxslərdə qripin əlamətləri uzun müddət müşahidə edilir. Məsələn, boğaz ağrısı istənilən tədbirlərə rəğmən gec keçir və.s.
Maraqlıdır, vaksinlər həqiqətən də digər infeksiyalara yoluxma prosesinə təsir edibmi? Bəzi insanlar niyə qrip infeksiyasını ağır keçirir?
Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli vaksinlər insan orqanizmində anticisimlər yaratdığını xatırladaraq, iddialarla bağlı bunları deyib:
“Əgər siz həmin anticisimin birləşə bilmədiyi yad bir virusa yoluxmusunuzsa, bu anticisim sizi xəstəlikdən qorumur. Qrip isə koronavirusla quruluşca heç bir yaxınlığı olmayan virusdur. Koronavirus vaksininin qrip xəstəliyini ağırlaşdırması kimi bir iddia isə tamamilə şayiədir. Bu fikirlərin hansısa elmi əsası yoxdur”.
Müsahibimiz qeyd edib ki, mövsümi artım göstərən xəstəliklər hər zaman olub:
“Qrip bunların ən yayğın olanlarından biridir. Bəzi insanlarda ağır keçməsi tamamilə orqanizmin müqaviməti ilə əlaqədardır. Lakin digər bir faktor da mümkün sayıla bilər ki, A qrupundan olan influenzavirusun törətdiyi qrip xəstəliyi hazırda qonşu ölkələrdə yayılmış vəziyyətdədir. Bu tip qrip virusları digərlərindən daha kəskin gedişatlı xəstəlik törətməklə fərqlənir”.
Günay Rəsulqızı