Fransada mərakeşli futbol azarkeşləri iğtişaşlar törətdi - Ölən var + VİDEO
Fransa yığması Mərakeşi məğlub edib DÇ-2022-nin finalına yüksəldikdən sonra Monpelye şəhərində (Fransanın cənubu) mərakeşli azarkeşlər iğtişaşlar törədiblər. İğtişaşlar tarixi məhəllə - Komediya Meydanında başlayıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, aksiyalar zamanı 14 yaşlı yeniyetmə ölüb. O, digər etirazçılarla birlikdə avtomobildən Fransa bayrağını qoparmaq istəyərkən, sürücü maşını kənara çəkərək arxaya dönüb və yeniyetmənin üstünə çırpılıb. Yeniyetmə xəstəxanaya çatdırılarkən ölüb.
Fransa mətbuatı futbol matçından sonra paytaxt Parisdə də iğtişaşların başladığını bildirib. Toqquşmalar Yelisey meydanında baş verib. Polis 101 nəfər etirazçını həbs edib.
Bundan əlavə, Avinyonda (Fransanın cənub-şərqindəki kommuna) hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 14 nəfərin həbs edildiyi bildirilir. Bundan əlavə, Fransanın şərqində-Ansi şəhərində etirazçılardan biri polisə tüstü bombası atıb. Daha sonra yaralanan şəxs xəstəxanaya aparılıb.
Xatırladaq ki, Fransa yığması 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında 1958-ci ildən bəri ən sürətli qolu vuraraq finala yüksəlib. Fransa yarımfinalda keçmiş müstəmləkəsi Mərakeşi 2:0 hesabı ilə məğlub edib. Fransa qələbə qazandığı halda, üçqat dünya çempionu ola bilər. Hesabı 5-ci dəqiqədə müdafiəçi Teo Hernandes açıb. Kolo Muani əsas vaxtın bitməsinə 10 dəqiqə qalmış dubl edib.
Aynil
Sfera.az