Rusiya sülhməramlıları aksiya iştirakçılarına atəş açacaq? – Qorxunc iddialara CAVAB

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyaları davam edir. Sülhməramlıların əraziyə əlavə qüvvə cəlb etməsi fonunda Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən “Baqramyan 26” teleqram kanalının iddiası diqqət çəkib.
Kanal iddia edibr ki, Rusiya sülhməramlıları Laçın yolunda keçirilən dinc aksiyanı dağıtmağa hazırlaşır. Rusiya sülhməramlılarının Azərbaycan vətəndaşlarına xəbərdarlıq məqsədi ilə atəş açması, bu və ya başqa formada fiziki zorakılıq xarakterli müdaxilə etməsi ehtimalı da erməni mediasında müzakirə mövzularındandır.
Bəs, rus sülhməramlılarının aksiya iştirakçılarına atəş açmaq ixtiyarları varmı?
Politoloq Fərhad Mehdiyev Sfera.az-a açıqlamasında deyib ki, sözügedən iddiaların əsası yoxdur və bunu “feyk” xəbər adlandırmaq olar:
“Əgər Rusiya sülhməramlılarına qarşı zorakılıq halı qeydə alınmasa və ya atəş açılmasa, onların bu formada qarşılıq verməsi üçün heç bir hüququ yoxdur. Yəni sülhməramlılar aksiyada iştirak edən azərbaycanlılara atəş aça bilməz. Onlar ancaq müşahidə edilər”.
Müsahibimiz qeyd edib ki, “Baqramyan 26” kanalı daha çox rus sülhməramlılarının nüfuzdan salınması ilə məşğuldur:
“Ermənistan cəmiyyətində rus sülhməramlılarından gözləntilər yüksək səviyyədə ifadə edilir. Bu, reallaşmayanda isə sülhməramlıları tənqid atəşinə tutmaq məqsədilə təxribat xarakterli informasiyalar yayılır. Ümumiyyətlə isə rus sülhməramlıları aksiya keçirilən ərazidə silah istifadə etməyəcək. Çünki bu, onların səlahiyyətində deyil, həmçinin Rusiyanın maraqlarına da xidmət etmir”.
Günay Rəsulqızı