“Rusiyaya göz qırpmağa imkan verilməməlidir” – Ukrayna əks hücuma nə vaxt keçəcək?
“Adətən hərbi əməliyyat planı barədə əvvəlcədən məlumat verilmir. Bu, bir növ "düşmən dəyirmanına su tökməkdir”.
Bunu Sfera.az-a siyasi şərhçi Kənan Novruzov Ukrayna müdafiə naziri Oleksiy Reznikovun son açıqlamasına reaksiya verərkən deyib. Onun sözlərinə görə, buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin əks- hücum əməliyyatları ilə bağlı əvvəlcədən dedikləri sonradan reallaşmışdı:
“Məsələn, genişmiqyaslı əks- hücum əməliyyatları əvvəlcədən bildirilən vaxtda - avqust- sentyabrda baş tutmuşdu. Bu mənada Reznikovun budəfəki açıqlamasının da gerçəkləşəcəyinə inanmaq olar. Yer buz bağlayandan sonra texnikanın hərəkəti üçün əvvəlki imkan yenidən bərpa olunmuş olacaq. Bu, Ukrayna Silahlı Qüvvələrinə əks- hücum əməliyyatlarını davam etdirməyə imkan verəcək. Sözsüz ki, həmin vaxtadək Ukrayna ordusu mövcud potensialını, tərəfdaşlarından silah tədarükünü artırmağa çalışmalıdır. Çünki budəfəki mərhələ daha çətin ola bilər”.
Ekspert qeyd edib ki, Ukraynanın yeni genişmiqyaslı əks- hücum əməliyyatları ildırımsürətli olmalıdır:
“Rusiyaya göz qırpmağa imkan verilməməli, yaşayış məntəqələri ard-arda azad edilməlidir. Bunun üçün isə Ukrayna ordusu indidən hazırlıqlara başlamalıdır. Rəsmi Kiyevin növbəti genişmiqyaslı əks-hücum əməliyyatlarının nə vaxt başlayacağını dəqiq demək çətindir. Amma düşünmək olar ki, Ukrayna ordusu lazımi hazırlıqlar görərsə, fevrala kimi növbəti ciddi uğurlar əldə edə bilər. Yanvarda cəbhənin müxtəlif istiqamətlərində ağır döyüşlərin baş tutacağı da istisna deyil”.
Qeyd edək ki, ötən gün Ukrayna müdafiə naziri Oleksiy Reznikov Kiyevin planlarını açıqlayıb. “Şaxta başlayandan sonra Ukrayna Silahlı Qüvvələri hücuma keçməyi planlaşdırır”, deyə o söyləyib.
Günay Rəsulqızı