“Rusiyanın Ermənistan və Azərbaycana təzyiqləri boşa çıxıb” - Fərhad Məmmədov
“Rusiya son bir ayda həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərmək üçün bütün potensialından istifadə edib. Lakin təzyiqlər boşa çıxıb və əks nəticə verib”.
Sfera.az xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Rusiyanın vasitəçilik imkanlarını dəyərləndirərkən bildirib.
F.Məmmədov qeyd edib ki, Rusiyanın Qarabağdakı “Vardanyan layihəsi” Bakının Rusiya sülhməramlıları ilə bağlı ritorikasını sərtləşdirib. Ermənistan isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yekun sənədlərini ictimaiyyətə sızdırmaqla faktiki olaraq qurumu sabotaj etdi, onu Ermənistan cəmiyyətində nüfuzdan salmağa çalışdı.
Politoloq hesab edir ki, bundan sonra Rusiyanın vasitəçiliyi ilə dəyişiklik etmək üçün hökmən Bakı və İrəvanın prioritetləri nəzərə alınmalıdır:
“Rusiya nə təklif edəcək? Hökmən aydın dili və öhdəlikləri olan sülh müqaviləsi hazırlanmalıdır. Həmin müqavilə sərhəd təhlükəsizliyi məsələsini də əhatə etməlidir. Sülh müqaviləsi hazırlanan zaman tərəflərin öhdəliklərin yerinə yetiriləcəyinə dair zəmanətlər olmalıdır. Rusiya sadəcə giriş çıxışlarda deyil, bütün dəhliz boyu təhlükəsizliyi təmin etməlidir”.
F.Məmmədov vurğulayıb ki, Cənubi Qafqaz Rusiya üçün Ukraynadakı müharibədən sonra ən proqnozlaşdırıla bilən regionlardan birinə çevrilib və bunu dəyərləndirmək, əlavə imkanlar yaratmaq lazımdır:
“Müharibədən sonra Rusiyanın regionun bütün ölkələri ilə ticarəti artıb. Ticarət Ermənistanla 75%, Azərbaycanla 30 faiz, Gürcüstanla 50% artıb. Ticarət dövriyyəsinin artımı maliyyə sektorunda qarşılıqlı fəaliyyət mexanizmlərinin tapılmasını ehtiva edir.
Rusiya anlamalıdır ki, Azərbaycanda ictimaiyyət qəzəblidir, Ermənistanda isə səssiz dayanmır. Rusiyanın bütün tədbirləri, Vardanyanlar, kütləvi aksiyalar və başqaları Azərbaycan cəmiyyətində qorxu yaratmır, əks təsir yaradır.
Digər tərəfən nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan beynəlxalq təşkilatlarda keçirilən səsvermələrdə Rusiyanın əleyhinə səs vermədi.
Region Rusiya üçün vacib olan nəqliyyat kommunikasiya layihələri üçün hazırdır, enerji sahəsində əməkdaşlıq böyükdür”.
Politoloq qeyd etdi ki, Rusiya mövcud vəziyyəti düzgün təhlil etməli və vasitəçilikdə bunu nəzərə almalıdır:
Rusiya doğru mövqe tutmasa, 44 günlük müharibədən sonrakı konyuktur dəyişəcək və Rusiyanın vasitəçilikdəki inhisarçılığını saxlamaq mümkün olmayacaq”.
Vasif
Sfera.az