Bu il ÜDM-in həcmi rekord səviyyəyə yüksələcək – ŞƏRH

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının (ÜDM) həcmi həm manat, həm də ABŞ dolları ilə ifadədə ən yüksək səviyyəyə çatacaq.
Sfera.az xatırladır ki, son 30 ildə Azərbaycanda dollarla ifadədə ən böyük ÜDM istehsalı 2014-cü ildə qeydə alınıb. Həmin ildə ÜDM istehsalının dəyəri bir qədər də artaraq 75,235 milyard dollara çatıb.
2014-cü ildə ÜDM istehsalının həcmi maksimum həddə çatmaqla yanaşı adambaşına düşən gəlirdə də rekord qeydə alınıb. Qeyd edilən tarixdə adambaşına düşən ÜDM istehsalı 7991 dollar olub.
Sonrakı illərdə devalvasiyanın və iqtisadi böhranın təsiri ilə dollarla ifadədə ÜDM istehsalı xeyli azalıb. 2015-ci ildə iki devalvasiyadan sonra dollar/manat məzənnəsi 0,789 həddindən 1,7 həddinə yüksəldiyindən ÜDM-in dəyəri 2016-cı ildə 37,863 milyard dollara qədər azalıb. Həmin ildə adambaşına düşən istehsal isə 3929 dollara enib.
Sonrakı illərdə dollar/manat məzənnəsinin sabit qalması və ölkəmizin iqtisadi böhrandan çıxılması hesabına ÜDM istehsalı artaraq 2021-ci ildə 54,62 milyard dollar, onun adambaşına düşən hissəsi isə 5453 dollara yüksəlib.
Lakin göründüyü kimi ötənilki nəticələr hələ də 2014-cü ildən xeyli zəif olub.
2022-ci ildə isə vəziyyət kəskin şəkildə dəyişib. Ölkəmizdə ÜDM istehsalı xeyli artdığından bu il 2014-cü ildəki rekordlardan birinin qırılması mümkündür.
Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 111 milyard manatlıq, yəni 65,3 milyard dollarlıq ÜDM istehsal edilib. İlin başa çatmasına hələ 2 ay var və böyük ehtimalla ÜDM istehsalının dəyəri 130 milyard manatı ötəcək.
Bunu deməyə əsaslar var. Adətən ilin son aylarında dövlət büdcəsinin xərcləri artır və bu, ÜDM istehsalına artırıcı təsir edir.
Digər tərəfdən cari ildə ölkəmizdə inflyasiya səviyyəsinin yüksəlməsi müşahidə olunur. Prqonozlaşdırılır ki, hələ bir müddət qiymətlərdə yüksək artım davam edəcək.
Sadalanan amillərin təsiri ilə ilin sonunda ÜDM istehsalının dəyərinin 133-135 milyard manat olması realdır. Bu məbləğlər dollarla ifadədə 78-79 milyard dollara bərabərdir. Əgər proqnoz özünü doğruldarsa, 2022-ci ildə ÜDM-in həcmi 2014-cü ildəki göstəricidən 3-4 milyard dollar çox olmaqla yeni rekorda çevriləcək.
ÜDM-in adambaşına düşən hissəsində isə bu il rekordu yeniləmək mümkün olmayacaq. Çünki 2014-cü ildən bəri əhalinin sayında böyük artım var və bu dəyişiklik adambaşına düşən gəlirə azaldıcı təsir edib. 2014-cü ildə əhalinin sayı 9,415 milyon nəfər olduğu halda 2021-ci ilin sonunda 10,156 milyon nəfərə yüksəlib. Qısa müddətdə əhalinin sayı 8 faizə yaxın artıb ki, bu da adambaşına düşən gəlirə ciddi təsir göstərib.
Bununla belə 2022-ci ildə ÜDM-in adambaşına düşən hissəsi xeyli dərəcədə artaraq 7,7 min dollara çatacaq.
Əgər neft və qazın qiyməti indiki səviyyədə qalarsa, 2023-cü ildə ÜDM-in adambaşına düşən hissəsi 8 min dolları ötərək yeni rekord həddə çatacaq. Lakin hökumətin proqnozlaşdırdığı kimi neft qiymətləri 50-60 dollar səviyyəsinə enərsə, o halda, 2023-cü ildə ÜDM-in həcmi kiçiləcək və adambaşına düşən gəlirdə rekordu yeniləmək mümkün olmayacaq.
Vasif