İran uranı yenidən zənginləşdirir – Qərb hansı addımlar atacaq?

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətinin qəbul etdiyi qərara cavab olaraq, uranı 60 faiz saflığa qədər zənginləşdirməyə başlayıb. Bu, İranın ABŞ, İngiltərə, Fransa və Almaniya ilə əvvəllər bağlanmış nüvə sazişinə ziddir. Həmin sazişə əsasən, İran uranı 3,67 faizədək zənginləşdirə bilər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, MAQATE İcraiyyə Şurası İranın lazımi səviyyədə əməkdaşlıq etmədiyi haqqında qərar qəbul edib. Bu qərara cavab olaraq, rəsmi Tehran uranın 60 faizə qədər zənginləşdirilməsinə qərar verib.
Xatırladaq ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan noyabrın 19-da verdiyi açıqlamada MAQATE İcraiyyə Şurasının Tehrana qarşı qəbul etdiyi qərarın “siyasi” olduğunu və bu qərara cavab verəcəklərini bildirib.
İranın uranı 20 faiz və 60 faiz saflıqda zənginləşdirməsi Qərb ölkələrində narahatlıq yaradır. Çünki uranın 20 faiz və ya daha çox zənginləşdirilməsi nüvə bombası hazırlamağa imkan verir. Texniki baxımdan uran 20 faizdən çox zənginləşdiriləndə onu daha çox, hətta 90 faizə qədər zənginləşdirmək mümkün olur. Uran 90 faiz zəinginləşdikdə isə o, bomba hazırlanması üçün yararlı hala gəlir.
Vasif