NATO Rusiyanı terrorçu ölkə kimi tanıyıb - Beynəlxalq tribunal yaradılacaq

NATO Parlament Assambleyası (PA) Rusiya təcavüzünə görə xüsusi Beynəlxalq Tribunalın yaradılmasını tələb edib və Rusiyanı terrorçu dövlət kimi tanıyıb.
Sfera.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin NATO PA-dakı daimi nümayəndəliyinin sədri Yeqor Çernev Facebook səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın təklifi Alyansa üzv olan 30 ölkə tərəfindən dəstəklənib. NATO Parlament Assambleyası Yeqor Çernevin sözlərinə görə, Ukraynanın mövqeyi ən yüksək beynəlxalq platformalarda hamılıqla qəbul edilmiş tendensiyaya çevrilib. Bu sənəd Alyans ölkələri liderlərinin qərar qəbul etməsinə təsir göstərməlidir.
"Belə bir tribunal təkcə hərbi cinayətlərin birbaşa günahkarlarını deyil, həm də Rusiyanın ali rəhbərliyini mühakimə etməyə imkan verəcək. Qətnamə bütün NATO üzv ölkələrinin hökumətlərinə və parlamentlərinə göndəriləcək"- deyə Çernev bildirib.
O, həmçinin sənəddə Ukraynanın digər istəklərinin də nəzərə alındığını bildirib. NATO silah təchizatının artırılması, eləcə də Ukraynanın NATO-ya üzv olmasına imkan verəcək konkret mexanizmlərin işlənib hazırlanmasını nəzərdən keçirəcək.
Bundan əlavə, qətnamədə Ukraynaya dəymiş ziyana görə Rusiyadan təzminatların alınması yollarının formalaşdırılması tələbi də var. “Nümayəndələr həmçinin Ukrayna ordusunun NATO-nu mütləq gücləndirəcəyini vurğulayıb və buna görə də Ukraynanın üzvlüyü alyansın özü üçün arzuolunandır və vacibdir”- deyə Çernev əlavə edib.
Onun sözlərinə görə, Ukrayna həm də NATO-nun Moskvaya qarşı müharibədə Kiyevə lazım olan qədər dəstək prinsipinin möhkəmləndirilməsi təşəbbüsü ilə çıxış edib. Çernev bu qətnamənin qəbulunu mühüm siyasi addım adlandırıb. Çernevin sözlərinə görə, Ukraynanın mövqeyi ən yüksək beynəlxalq platformalarda ümumi tendensiyaya çevrilir.
Çernev: "Bəşəriyyətə qarşı cinayətlərə, məhdudiyyət müddəti olmayan hərbi cinayətlərə və təcavüz cinayətinə görə cəza qaçılmaz olacaq. Biz buna mütləq nail olacağıq"-bildirib.
NATO Parlament Assambleyası Şimali Atlantika Alyansına üzv olan ölkələrin parlamentlərarası təşkilatıdır. NATO PA tövsiyələri milli hökumətlərə, parlamentlərə və təşkilatlara, eləcə də Alyansın Baş Katibinə təqdim edilir. Təşkilat NATO üzvü olmayan ölkələrdə silahlı qüvvələrə nəzarət prinsiplərinin yayılmasına yardım edir.
Qeyd edək ki, Stoltenberq də ötən günlərdə NATO ölkələrini silah istehsalını artırmağa çağırmışdı. Yens Stoltenberqin sözlərinə görə, alyans Ukraynaya dəstək vermək üçün hərbi potensialını aktivləşdirməli və hər bir ölkə 2024-cü ilə qədər müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmalıdır. Həmçinin NATO-nun Ukraynaya İsraildən ən qabaqcıl elektronika ilə silah verəcəyi bildirilib.
Aynil
Sfera.az