Qazaxıstanda prezident seçkiləri: Kasım-Jomart Tokayev qalibdir

Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev bazar günü ölkənin bütün regionlarında keçirilən prezident seçkilərində 81,31 faiz səs toplayaraq qalib gəlib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublika Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov məlumat verib. Qazaxıstanda keçirilən prezident seçkilərində “Aul” (“Kənd”) partiyasının namizədi Jiquli Dayrabayev 3,42 faiz səslə ikinci yerdə qərarlaşıb.
Prezident postu uğrunda mübarizə aparan digər 4 namizədin hər biri 2 faizdən bir qədər çox səs toplayıb. Seçkilərdə seçici fəallığı isə 69,44 faiz təşkil edib.
Qeyd edək ki, Qazaxıstanda növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməli idi. Lakin sentyabrın birində Tokayev parlamentə müraciət edərək növbədənkənar seçkilərə getməyi təklif edib. Gələn ilin ilk yarısında isə növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.
Əzizə