"Rusiya İran PUA-sı istehsal edəcək" - “Washington Post”

Rusiya Ukraynaya hücum zamanı istifadə etdiyi İran PUA-larını öz ölkəsində istehsal etməyə hazırlaşır.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın “Washington Post” qəzeti çıxış edib.
Qəzetə danışan Qərb kəşfiyyat rəsmiləri Rusiyanın noyabrın əvvəlində İranla aparılan danışıqlarda öz ərazisində kamikadze pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı razılığa gəldiyinə dair məlumat əldə etdiklərini bildiriblər.
İndiyə qədər Rusiya İran kamikadze PUA-ları vasitəsilə Ukraynanın infrastruktur obyektlərinə 400-dən çox hücum həyata keçirib.
Qəzet yazır ki, Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun araşıdırmasına görə, Rusiyada PUA istehsalına qərar verilməsi İranın daha ağır sanksiyalardan yayınmaq cəhdi ilə bağlıdır. Belə ki, Rusiyanın istifadə etdiyi İranın “Muhacir 6”, “Şahid 131” və “Şahid 136” PUA-larında ABŞ, Almaniya və Çindən gətirilən hissələrdən istifadə olunur. İran bu hissələri dolayı yollarla əldə edə bilir.
İran Ukrayna müharibəsində Rusiyanı dəstəklədiyinə görə, yeni sanksiyalarla qarşılaşacağından qorxur. Tehran rəsmiləri düşünür ki, həmin PUA-lar Rusiyada istehsal edilərsə, İran sanksiyalardan yayına biləcək.
Vasif