Xaricdə təhsil proqramları müasir kadrların hazırlanmasına kömək edib – ŞƏRH

Xaricdə təhsil proqramları müasir kadrların hazırlanmasına kömək edib – ŞƏRH

İqtisadi inkişafın davamlı təmin edilməsinin əsas şərtlərindən biri də müasir dövrün tələblərinə cavab verən ixtisaslı kadrların olmasıdır. İxtisaslı, müasir tələblərə cavab verən kadr olmadan ən yeni texnologiyaları mənimsəmək, onları tətbiq etmək qeyri-mümkündür.

 

Sfera.az xəbər verir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni iqtisadi sistemə keçdi. Yeni sistemdə ölkəmiz ciddi kadr çatışmazlığı problemini yaşadı. Ölkəmizdə yeni texnologiyaları bilən, müasir texniki avadanlıqlarla işləmə qabiliyyəti olan, müasir idarəetmə təcrübəsinə malik kadrlar demək olar ki, yox idi. Bu məsələni həll etmək üçün Azərbaycan hökuməti müxtəlif yollarla, ayrı-ayrı hökumətlərlə əməkdaşlıq etməklə gənclərin xarici ölkələrdə təhsilini təşkil edirdi. Amma maliyyə çatışmazlığı lazım olan sayda gəncin xarici ölkələrdə təhsil almağa göndərilməsini çətinləşdirirdi. Azərbaycanın maliyyə imkanları 2006-cı ildən xeyli yaxşılaşmağa başladı. Həmin ildən neft gəlirlərinin xeyli artması Azərbaycan hökumətini xaricdə təhsil alınmasına daha çox vəsait yönəltməyə imkan yaratdı. Məhz ölkəmizin maliyyə vəziyyətinin yaxşılaşmasından sonra xarici ölkələrdə gənclərin təhsilini təşkil etmək üçün dövlət proqramı qəbul edildi. İlk proqram "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" oldu.

 

Proqram üzrə bütün xərcləri Dövlət Neft Fondu maliyyələşdirdi. Proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq hüququ qazandı, yüzlərlə gənc Harvard Universiteti, Yel Universiteti, Oksford Universiteti, Bristol Universiteti, Sorbonna Universiteti, Kioto Universiteti, Toronto Universiteti, Heydelberq Universiteti, Bilkənd Universiteti, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə təhsil aldı. Həmin gənclər hazırda dünyanın aparıcı təşkilat və şirkətlərində (BMT, NASA, “Microsoft”, “Google”, “Bloomberg”, “Samsung”, “LG” və s.) təcrübə keçməyə dəvət edilib. Onlar yaşadıqları ölkələrin ictimai-mədəni həyatında yaxından iştirak etməklə, Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğində və diaspor işində xüsusi fəallıq göstərirlər. Həmin gənclərin Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa, Koreya Respublikası və Yaponiya kimi ölkələrdə azərbaycançılıq məfkurəsi və milli dəyərlər ətrafında təşkilatlanması ölkəmizin maraqlarının həmin ölkələrdə qorunmasına xidmət edir. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlayan gənclər Azərbaycana qayıdaraq müxtəlif müəssisə və təşkilatlarda əmək fəaliyyətinə başlamışlar. Həmin məzunlar ali məktəblərin (“ADA” Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və s.) professor-müəllim heyətinin akademik bacarıqlarının müasirləşdirilməsində və tədrisin təşkilində nümunə olmaqla, həmin təhsil müəssisələrinin inkişaf prosesində mühüm rol oynayırlar.

 

Rəsmi məlumatlara əsasən, ən çox gənc Böyük Britaniyada təhsil almağa göndərilib. Bu ölkədə 7 il ərzində 960 gənc təhsil alıb. Türkiyədə 731, Almaniyada 409, Kanadada 239, Hollandiyada 173, Rusiyada 125, İsveçrədə 104, Fransada 101, ABŞ-da 97, Avstraliyada 84 gənc təhsil almağa göndərilib. Gənclərin 43,3 faizi magistratura, 35,7 faizi bakalavr, 15,8 faizi rezidentura, 4,2 faizi doktorantura səviyyəsində təhsil alıblar. Dövlətin gənclərin təhsili üçün ayırdığı xərclərin çox hissəsi yaşayış və gündəlik qida xərclərinə yönəldilib. Bu istiqamət üzrə ümumi xərclərin 50,9 faizi ayrılıb. Cəmi xərclərin 43,7 faizi təhsil haqqına, 3 faizi yol xərclərinə qalanı digər xərclərə ayrılıb. Xaricdə təhsilin həyata keçirilməsi üçün ümumilikdə 212,681 milyon manat xərcləndi. İlk proqramdan sonra xaricdə təhsillə bağlı dövlət proqramı davam etdirilmədi. Yalnız 2019-cu ildən ikinci proqram qəbul edildi. İkinci proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” adlandırıldı. Bu proqram çərçivəsində indiyə kimi 762 min manata yaxın vəsait ayrılıb və 114-dan çox gənc bu proqramdam faydalanıb.

 

İkinci proqram çərçivəsində daha çox gənc Türkiyədə təhsil alıb. İkinci proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, Azərbaycan Respublikasında yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu poqram başa çatmamış Azərbaycan daha bir proqramı qəbul edib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” 2022-ci ildə qəbul olunub. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl ali təhsil müəssisələrindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edəcəkdir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaqdır.

 

Dövlət Proqramının icrası ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına və Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradacaq, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrlar hazırlanacaq, ölkəyə qayıdan məzunların ən müasir təcrübə və biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət ölkənin tərəqqisinə töhfə verəcəkdir. Bundan başqa, Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi və karyera inkişafının stimullaşdırılması mexanizmlərinin yaradılması nəzərdə tutulur.

 

Beləliklə, hər 3 proqramın Azərbaycan üçün yüksək səviyyəli kadrların hazırlanmasına, yeni texnologiyaların mənimsənilməsinə böyük köməyi olub. Qarşıdakı illər ərzində bu proqramlar hesabına daha çox gəncin təhsilinin təşkili həyata keçiriləcək.

 

Vasif Cəfərov

 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

 


OXŞAR XƏBƏRLƏR

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...

ABŞ və Çin tariflərdə anlaşdı - Kim daha qazanclı çıxdı?

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ...

Kəmaləddin Heydərov Aqil Ağayevi işdən ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.   Sfera.az "qaynarin...