Gömrükdə toplanan pulun 74 faizi vergilərdən ibarətdir - STATİSTİKA

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə daxil olan vəsaitin əsas hissəsini vergilər təşkil edir.
Sfera.az DGK-ya istinadən xəbər verir ki, bu ilin sentyabrında gömrükdə toplanan pulun 74 faizi vergilərdən ibarət olub.
Sentyabrda gömrükdən dövlət büdcəsinə ümumilikdə 460,388 milyon manat vəsait köçürülüb. Bu vəsaitin 321,87 milyon manatını əlavə dəyər vergisi, 14,879 milyon manatını aksizlər, 5,027 milyon manatını yol vergisi üzrə gəlirlər təşkil edib. Vergilər üzrə cəmi gəlir 341,77 milyon manat olub ki, bu da gömrük daxilolmalarının 74,2 faizidir.
Ötən ilin sentyabr ayı ilə müqayisədə bu il vergilərinin payının artması müşahidə edilib. Ötən ilin sentyabrında gömrükdən büdcə daxilolmalarının 72 faizini vergilər təşkil etmişdi.
Gömrükdə yığılan vəsaitin qalan hissəsi isə gömrük rüsumlarından ibarətdir. 2022-ci ilin sentyabrında rüsumlar üzrə 118,613 milyon manat vəsait toplanıb.
Vasif,
Sfera.az