Nazirlik Bakı üçün faciəvi statistika açıqladı – Sən demə...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu gün yayılan məlumatına görə, Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır.
Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı Rövşən Ağayev bildirib ki, sözügedən rəqəm ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı göstəricidir və ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil:
“Müqayisə üçün deyim ki, bu göstərici İstanbulda 2.2%, Tokioda 7,5%, Parisdə 9.5%, Berlində 14,4%, Nyu-Yorkda 27%, Londonda 33%, Vyanada 45%, Osloda 68% təşkil edir. Yaşıllıq sahəsi dedikdə bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçalar nəzərdə tutulur. Bakının 0.5%-lik yaşıllıq göstəricisi bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir”.
Ekspertin fikrincə, ən böyük fəlakət odur ki, Bakı son 20 ildə olan-qalan yaşıllıqların məhv edilməsilə nəhəng tikinti meydançasına çevrilib:
“Bakı ilə bərabər Abşeron da eyni fəlakəti yaşayır. Xırdalanda son 15 ildə potensial olaraq park və ya meşə zolağına çevrilə biləcək 2 böyük ərazinin sıx məskunlaşma ərazisinə çevrilməsi təkcə ekoloji fəlakətə yox, həm də demoqrafik və nəqliyyat böhranına səbəb olub”.
Türkan